Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini rəsmi şəkildə tanıması ölkədə geniş rezonansa səbəb olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu tarixi hadisəyə cavab olaraq, Fransa üzrə 90-dək bələdiyyə, eləcə də Lyon, Nant, Sen-Deni, Jenevilye və Malakof şəhərlərinin meriyaları binalarında Fələstin bayrağını ucaldaraq həmrəylik nümayiş etdirib. Fransa Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Ötən həftənin sonunda vəzifəsindən istefa vermiş daxili işlər naziri prefektlərə bayraqqaldırma aksiyalarını neytrallıq prinsipi əsasında qadağan etməyi tapşırsa da, bir çox yerli idarəetmə orqanları tövsiyəyə qarşı çıxaraq Fələstinlə həmrəylik nümayiş etdirib.
Sosialist Partiyasının baş katibi Olivye For da bu simvolik addımı dəstəkləyərək, Sen-Deni şəhər meriyasında keçirilən bayraqqaldırma mərasimində şəxsən iştirak edib.
Paytaxt Parisdə də bir qrup solçu siyasətçi və Qəzza tərəfdarı olan fəallar Paris bələdiyyəsinin binası üzərində böyük ölçülü Fələstin bayrağı sərgiləyiblər. Aksiya şəhər meri Ann İdalqonun razılığı olmadan keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə