27 Sentyabr – Anım Gününün beşinci ildönümü yaxınlaşdıqca şəhidlərin müqəddəs xatirəsi bir daha ucalır, onların qəhrəmanlıq dastanı xalqımızın yaddaşında təzələnir. Bu gün Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində doğulub boya-başa çatan şəhid Qaçayev İntizam Əkbər oğlunun ailəsi ziyarət olunub.
SİA xəbər verir ki, ziyarətdə rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elnur Həmidov, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nazim Həşimov, rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov iştirak ediblər.
Ziyarət zamanı onlar şəhidlərin ruhunun daim xalqımız tərəfindən əziz tutulduğunu vurğulayıb, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açıblar. Ailənin istəkləri dinlənilib, qayğıları ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri isə göstərilən diqqətə görə dərin minnətdarlıqlarını bildiriblər. Onların sözlərində həm qürur, həm də nisgil duyulurdu – çünki İntizamın adı Azərbaycan torpaqlarının azadlığı uğrunda yazılan qəhrəmanlıq salnaməsində əbədi həkk olunub.
Qeyd edək ki, şəhid İntizam Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dünyaya gəlib. 2020-ci il yanvarın 8-də hərbi xidmətə çağırılıb və Vətən müharibəsi zamanı – həmin il oktyabrın 23-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Onun igidliyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. İntizam Qaçayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə