"İnkişafın əsas göstəricisi əhalinin səhiyyə xidmətlərinə əlçatanlığıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial sahədə aparılan ən uğurlu islahatlardan biri səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiq olunmasıdır. İcbari tibbi sığortanın tətbiqi Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsinin, əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının yaxşılaşdırılmasının əsas şərtlərindən biridir. Beş ildən artıq müddətdir ki, ölkənin hər yerində icbari tibbi sığorta tətbiq olunur, uğurla inkişaf edir, genişlənir və daha çox tibbi xidmətləri əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, icbari tibbi sığortanın şərtləri Azərbaycan vətəndaşları üçün uyğundur: "Yəni, əməkhaqqıdan dörd faiz ödənilir ki, onun da iki faizi vətəndaşlar, iki faizi işəgötürənlər tərəfindən İcbari Tibbi Sığorta Fonduna ödənilir. İcbari Tibbi Sığorta zərfi demək olar ki, limitsizdir. Yalnız reanimasiya və bəzi klinikalardakı çətin əməliyyatlar istisna olmaqla, bütün xərclər icbari tibbi sığorta tərəfindən qarşılanır. İcbari Tibbi Sığortanın tətbiq olunması əvvəla əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin xeyli yaxşılaşmasına səbəb olub. Klinakalar arasında həkimlər və orta tibb personalı arasında sağlam rəqabətin formalaşmasına və tibbi xidmətin inkişafına öz töhfəsini verir.

Digər tərəfdən vətəndaşların cibdən ödəmə tibb xərcləri demək olar ki, minimuma endirilib. İcbari tibbi sığortanın qarşılanmasında dövlətin dəstəyi olduqca böyükdür. Uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslərin, tələbələrin və işləməyən şəxslərin xərcləri dövlət hesabına ödənilir. Bu da dövlətin sosial siyasətinin göstəricisidir. İnsan inkişafı indeksinin əsas göstəricisi əhalinin səhiyyə xidmətlərinə əlçatanlığıdır. Bu da icbari tibbi sığorta tərəfindən qarşılanır və ildən-ilə də bu xidmətlər artır. İcbari tibbi sığorta gün keçdikcə genişlənir və daha çox səhiyyə xidmətlərini əhatə edir. Bu prosesin gələcəkdə də inkişaf etməsində dövlət öz töhfəsini verir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə