"Azərbaycan bu prosesi də uğurla başa çatdıracaq" - HƏRBİ EKSPERT AÇIQLADI

"Azərbaycan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə, öz dövlətinin gücü ilə həyata keçirdiyi kimi, eyni zamanda ərazilərinin minalardan təmizlənməsi prosesini də məhz öz gücü ilə həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

OOnun sözlərinə görə, müharibədən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yenidən təşkil olunaraq, onun hüquqi statusu və səlahiyyətləri daha da genişləndirildi:

"Həmçinin bu istiqamətdə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin müvafiq hərbi hissələri və bölmələrinin sayı artırıldı, onların maddi-texniki təminatı gücləndirildi. Əlavə olaraq, yeni mütəxəssislər işə qəbul edildi, beynəlxalq standartlara uyğun təlimlər keçirildi, müasir avadanlıqlarla təchizat təmin olundu və müvafiq əməkdaşlıq mexanizmləri yaradıldı. Bütün bunlar göstərir ki, Azərbaycan mina təhlükəsizliyi sahəsində həm operativ, həm də sistemli şəkildə fəaliyyət göstərir. Minalardan təmizləmə prosesi son dərəcə çətin və vaxt tələb edən bir prosesdir. Ərazilərin coğrafi quruluşu, minaların müxtəlif növlərinin geniş ərazilərdə basdırılması və onların xəritələrinin Ermənistan tərəfindən gizlədilməsi bu işi daha da mürəkkəbləşdirir. Ermənistanın təxribatçı yanaşması nəticəsində bu ərazilərdə dinc sakinlər və mülki işçilər arasında mina partlayışları nəticəsində ölən və yaralananların sayı artmaqdadır. Bu isə bir daha göstərir ki, mina təmizlənməsi təkcə bərpa və quruculuq məsələsi deyil, eyni zamanda humanitar təhlükəsizlik məsələsidir.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti əraziləri mərhələli şəkildə təmizləyərək, paralel şəkildə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verib. Artıq azad olunmuş ərazilərdə yeni yollar, dəmir yolları, müasir hava limanları salınır, elektrik, su, qaz və rabitə infrastruktur layihələri icra olunur. Şuşa, Füzuli, Zəngilan, Laçın və digər rayonlarda şəhərsalma konsepsiyasına uyğun olaraq "ağıllı şəhər" və "ağıllı kənd" layihələri həyata keçirilir. Dövlət, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün bütün zəruri şəraiti yaradır. Dövlətin apardığı məqsədyönlü siyasət, mütəxəssislərin səyləri və texnoloji inkişaf nəticəsində bu sahədə artıq mühüm nəticələr əldə olunub. Əminliklə demək olar ki, Azərbaycan bu prosesi də uğurla başa çatdıracaq, bütün azad edilmiş ərazilər tam şəkildə minalardan təmizlənəcək və regionda təhlükəsizlik, sabitlik və dayanıqlı inkişaf təmin olunacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə