Sloveniyanın Nova Qoritsa şəhərində Azərbaycan və Sloveniya xalqının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbiri çərçivəsində müharibədə döyüşən azərbaycanlılara və sloveniyalılara həsr olunmuş sərgi təşkil edilib.
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan və Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edən “Hədəf Bakıdır” filmi nümayiş etdirilib.
Açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində baş tutub. Əvvəlcə Azərbaycanın qəhrəman oğlunun abidəsi önünə əklillər qoyulub, sonra Mixaylonun xatirəsinə yaradılan muzeylə tanışlıq olub.
Milli Məclisin sədrinin müavini Rafael Hüseynov, Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer, Sloveniya Prezidentinin xarici siyasət üzrə müşaviri Damyan Bergant, Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara və Nova Qoritsa şəhərinin merinin müavini Marko Tribuşon açılış mərasimində çıxış ediblər.
Azərbaycan nümayəndə heyəti tərəfindən səsləndirilən çıxışlarda Mixaylonun xatirəsini əziz tutduğuna görə Sloveniya dövlətinə və xalqına Azərbaycan hökuməti və xalqı adından təşəkkür edilib. Əfsanəvi partizan Mixaylonun xatirəsini ehtiramla yad etmək məqsədilə Azərbaycan və Sloveniya nümayəndə heyətlərinin Nova Qoritsada toplaşmasının artıq uzun illərdir gözəl bir ənənəyə çevrildiyi bildirilib. Qeyd edilib ki, Sloveniyada Mehdi Hüseynzadənin memorial muzeyinin fəaliyyət göstərməsi, onun abidəsinə daim diqqət yetirilməsi xalqımız üçün qürurvericidir.
Tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə əfsanəvi kəşfiyyatçının bu kənddə abidəsinin, daha sonra isə 2011-ci ildə onun xatirəsinə həsr olunmuş muzeyin yaradılmasının qısa tarixçəsi təqdim olunub.
Milli Məclisin sədrinin müavini Rafael Hüseynov 80 il əvvəl İkinci Dünya Müharibəsində qazanılan qələbənin bəşəriyyətin qazandığı qələbə olduğunu vurğulayıb. O, bəşəri dəyərlərin qorunması naminə müxtəlif millətlərin nümayəndələrinin vahid amal uğrunda birlik, həmrəylik, əzmkarlıq və bir-birinə dayaq, dəstək nümayiş etdirərək düşmənə qalib gəldiyini bildirib. Rafael Hüseynov Azərbaycan xalqının İkinci Dünya müharibəsində qələbənin qazanılmasına verdiyi töhfələrdən də danışıb.
Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli Prezident İlham Əliyevin Sloveniyalı həmkarı Danilo Türklə birgə memorial muzeyinin açılışının Mixaylonun həm də Azərbaycan və Sloveniya arasında dostluğun rəmzi olduğunu və onun xatirəsinin iki xalqın biri-birinə daha da yaxınlaşmasında xüsusi rol oynadığını vurğulayıb. Qəhrəmanımızın xatirəsinə Sloveniyada bəslənilən hörmətin və doğma münasibətin dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etdiyi nəzərə çatdırılıb və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub.
Sloveniya nümayəndə heyəti tərəfindən səsləndirilmiş çıxışlar zamanı isə Azərbaycan və Sloveniya arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğu qeyd edilib, Mehdi Hüseynzadə kimi qəhrəman oğula görə Azərbaycan xalqına minnətdarlıq çatdırılıb. Mixaylonun uzaq bir ölkədən gələrək Sloveniyanın azad olunmasında iştirak etdiyi və sloven xalqı uğrunda gənc ömrünü fəda verdiyi qeyd olunub. Azərbaycan və Sloveniya xalqları tərəfindən Mixaylonun xatirəsinin uzun illər ərzində qorunub saxlanılmasının insan bağlarının qalıcı gücünün sübutu olduğu vurğulanıb, onun cəsarəti və igidliyi haqqında hekayələrin bu gün də slovenlər arasında yaşadığı bildirilib.
Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya və Azərbaycan arasında möhkəm dostluq körpüsü rolunu oynadığını qeyd edib. O, Azərbaycan və Sloveniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinə toxunub, Azərbaycanın iqtisadi, enerji sahələri daxil olmaqla müxtəlif sahələrdə etibarlı tərəfdaş rolundan danışıb.
Sloveniya Respublikasının prezidentinin ofisi, Milli Assambleyası, Xarici və Avropa İşləri üzrə Nazirliyi, Ətraf mühit, Energetika və İqlim Nazirliyi, İqtisadiyyat, Turizm və İdman Nazirliyi daxil olmaqla bir sıra dövlət qurumlarının yüksək səviyyəli nümayəndələrinin, habelə Türkiyənin Sloveniyadakı səfiri, Sloveniyanın müxtəlif regionlarından gələn ziyalıların, Nova Qoritsa Universitetinin rektoru daxil olmaqla, akademik dairələrin, Sloveniya Müftisinin Ofisinin, Sloveniyadakı Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbir daha sonra yerli ictimaiyyətin üzvləri tərəfindən hazırlanmış mədəni proqram ilə davam edib.
Yerli məktəblilər Sloveniyanın azadlığı uğrunda döyüşmüş qəhrəmanların şərəfinə mahnı və şeirlər, musiqi parçaları səsləndiriblər.
Tədbir iştirakçıları Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə əklil qoyub, qəhrəmanın xatirəsini yad edib.
Sonra iştirakçılar Trnovo Memorial Parkını ziyarət edərək, burada İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış memorial lövhənin önünə əklillər qoyublar. Tədbir çərçivəsində İkinci Dünya Müharibəsi zamanı bu ərazilərdə vuruşmuş azərbaycanlıların və sloveniyalıların xatirəsinə ehtiram məqsədilə Trnovo Memorial Parkında ucaldılmış “Sülh skamyası”nın (Peace Bench) açılış mərasimi baş tutub.
Sonda Çepovan qəsəbəsində Mehdi Hüseynzadənin məzarı ziyarət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə