Gəncə şəhərində bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla əlaqədar araşdırma aparılır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 12-si Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin ehtimallara əsasən, yanğın tezalışan məhlulun alovlanması nəticəsində baş verib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
“Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - deyə məlumatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə