Deyirlər ki, qismətdən artıq yemək olmaz. Heç qismətdən artıq yemək də lazım deyil. Çünki bunun bədəlini ödəmək çətin olur. Mənim qismətimə də Naxçıvanda yaşamaq düşüb. Artıq düşdüyüm ailənin ağbirçəklərinin, ağsaqqallarının xoş münasibətləri məni bu mühitə daha da qırılmaz tellərlə bağlayıb. Digər bir tərəfdən çalışdığım kollektivin üzvlərilə elə doğmalaşmışam ki, bu doğma ünsiyyətin reallıqlarını sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çalışdığım elmi-pedaqoji mühitdə məni məftun edən bir bənzərsiz amil mənim elmi rəhbərimə olan hörmət və ehtiramımla bağlıdır. Onunla yəni elmi rəhbərim professor, pedaqoji elmlər doktoru Fərahim Sadıqovla ilk görüşümü çox yaxşı xatırlayıram. Mövzu seçimi ilə bağlı ilk söhbətimiz zamanı ona bir neçə sual ünvanlamağı planlaşdırmışdım. Lakin onun mənim üçün seçdiyi ekoloji tərbiyə problemilə bağlı söylədiyi nəzəri məsələlərlə bağlı problemlər, törədilən ekoloji bəlalar sanki məni ovsunladı. Beləliklə, Fərahim müəllim məni elə bir ekoloji mühitə daxil etdi ki, həmin mühitdə bərqərar olmağa qərar verdim.
Söhbətlərimizin birində dedi ki, dünyada iki böyük ekoloji bəlanın davam etməsi insanların yaşayış tərzi üçün heç də yaxşı hal deyil.
Birincisi meşələrin qırılması, yandırılması, ikincisi isə bal arılarının azalmasıdır. Birinci halda olduğu kimi, ikinci halda da bu, ən nadir bitkilərin təbiətdən silinməsinə gətirib çıxara bilər. Bunun üçün mübarizə tərəfləri çoxdur. Onlardan ən başlıcası bu sahədə ciddi tədqiqatların aparılması hesab olunur. Çünki bütün bunları tədqiqat əsərləri vasitəsilə həm təbliğ etmək, həm də bu mübarizənin iştirakçılarına çevrilmək olar.
Fərahim müəllimin bənzərsiz keyfiyyətlərindən biri elə onun bənzərsiz tədqiqatçı olmasından ibarətdir. Yüzdən artıq kitabların, o cümlədən kitabçaların, metodik tövsiyələrin, dərsliklərin, dərs vəsaitlərinin müəllifi olan professor Fərahim Sadıqov eləcə də iki mindən artıq qəzet və məqalələrinin, yüzlərlə jurnal məqalələrinin müəllifidir. Jurnal məqalələrindən söz düşmüşkən demək lazımdır ki, Fərahim müəllimin baş redaktoru olduğu “Pedaqogika” adlı elmi-metodik jurnalın demək olar ki, hər nömrəsində təqdim etdiyi məqalələrində, dissertantlara, doktorantlara, gənc alimlərə, valideynlərə və tədqiqatçılara elmi-pedaqoji-metodik cəhətdən əsaslandırılmış tövsiyələr, məsləhətlər vermiş olur.
Fərahim müəllimin əsərləri ona görə elmi mühit tərəfindən sevilə-sevilə qarşılanır ki, o, yüzdən artıq ölkənin təhsil sistemi ilə yaxından tanış olub, həmin ölkələrin didaktik sistemini öyrənib, tərbiyəşünaslıq materiallarını əxz etmiş və məktəbşünaslıq sahəsində real müşahidələr aparmışdır.
Onun “Pedaqogika” (2009), “Pedaqogika” (2012), “Ali məktəb pedaqogikası” (2024), “Didaktika” (prof. Oruc Həsənli ilə birgə), “Ümumi pedaqogika” adlı dərslikləri və dərs vəsaitləri təkcə müəllimlərin stolüstü kitabı deyil, bu əsərlər orta, orta ixtisas və ali məktəblərin rəhbərlərinin və valideynlərin mütəmadi olaraq istifadə etdikləri elmi mənbələrdir.
Fərahim müəllimin ən böyük uğurlarından biri də ölkəmizdə ilk dəfə olaraq “Korreksiya pedaqogikasına giriş” və “Korreksiya pedaqogikası” adlı dərs vəsaiti və dərsliyini ortalığa qoymasıdır. Həmin dərslikdə 1. 2. 3. 4. 5. 6. kimi məsələləri əhatə edən müəllif korreksiya pedaqogikası sahəsində dəyərli ideyalar irəli sürmüş, autik uşaqları müəyyənləşdirməyin və onlara yanaşmağın ilkin şərtləri, dizartriyalı uşaqlarla aparılan işlərin spesifik xüsusiyyətləri barədə maraqlı tövsiyələr vermişdir. Fərahim müəllim autizm sahəsində də ilk uğurlu addımları ilə seçilən və tanınan alimlərimizdəndir. Bu sahədə öz yetirməsi olan professor Oruc Həsənli ilə birlikdə silsilə məqalələr hazırlayaraq çap etdirmişdir. Və bu məqalələr də oxucular tərəfindən çox maraqla qarşılanmışdır.
Fərahim müəllimin pedaqogika konteksində yazdığı yüzlərlə əsərlərilə yanaşı filologiya sahəsində apardığı tədqiqatlar, çap etdirdiyi əsərlər barədə də fikir yürütmək yerinə düşər. Əslində onun baza təhsili filologiyadır. Sonradan vaxtilə “Pedaqogika İnstitutu” adlanan, indiki “Təhsil İnstitutu”nda 18 il fəaliyyət göstərmişdir. Bu gün Fərahim müəllimin nəvəsi Aytən Mövsümlü onun yolunu davam etdirərək həmin institutun doktoranturasını böyük müvəffəqiyyətlə bitirib və tamamladığı dissertasiyasını Müdafiə Şurasına təqdim etməyə hazırlaşır. Fərahim müəllimin ailə üzvlərindən söhbət düşmüşkən onun övladları barədə də fikir yürütmək yerinə düşərdi. Onun övladı Təranə xanım biologiya üzrə fəlsəfə doktoru, oğlu Rahim iqdisadiyyat üzrə fəlsəfə doktorudur. Rahim Sadıqov atasının yolu ilə gedərək elmlər doktoru, alimlik dərəcəsi almaq üçün tamamladığı dissertasiyasını artıq Müdafiə Şurasına təqdim etmişdir. Arzu edirəm ki, o, atası, mənim elmi rəhbərim, artıq xarici ölkələrdə özünün maraqlı işlərilə tanınan Fərahim Sadıqov kimi professor olmaqla, xalqına xidmət etsin.
Fərahim müəllimin həm də çox qiymətli bədii əsərləri var. Bu əsərləri içərisində “Anam gəldi”, “Yaman olur ayrılıq”, “Cahan şah Həqiqi” adlı pyesləri və oxucular tərəfindən maraqla qarşılanan hekayələrini, esselərini də sadalamaq olar. Onu da vurğulayım ki, Fərahim müəllim çox peşəkar səviyyədə qarmon və piano çalır. Musiqi və musiqi alətlərilə bağlı onun bir neçə kitabı çap olunub. Həm də on mahnı bəstələyib və bir vaxtlar müğənnilər tərəfindən çox böyük həvəslə oxunurdu.
Fərahim müəllimin həyatı, yaradıcılığı və uğurları haqqındakı faktları, rəqəmləri, məlumatları bir məqaləyə yerləşdirmək mümkün olmasa da onun kitablarının arxa tərəfindəki məlumatlarla tanış olmaq bu böyük alim haqqında oxuculara lakonik məlumat vermək fikrimizcə maraqlı olar. Hansı ki, həmin məlumatda deyilir: “Əslən Masallı rayonundan olan Fərahim Balakişi oğlu Sadıqov 1947-ci ildə sentyabr ayının 10-unda Yardımlı rayonunda anadan olub. Fərahim Balakişi oğlu Sadıqov Masallı şəhərindəki Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbi (1965), Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsini (1969) bitirib. Əmək fəaliyyətinə Bakı şəhərinin 161 nömrəli orta məktəbindən başlayıb. Sonra Masallı rayon Sərçuvar kənd orta və Masallı şəhər 4 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Onun maraqlı və savadlı pedaqoq olduğunu görüb, rayon Təhsil Şöbəsinə işə dəvət ediblər. 1975-ci ilə qədər Masallı RXTMŞ-da metodist vəzifəsində çalışıb. Bu sahədə Masallı təhsili üçün çox böyük işlər görüb. 1984-cü ildə Gürcüstan Respublikasının Elmi-Tədqiqat Pedoqoji Elmləri İnstitutunda namizədlik dissertasiyası, 1992-ci ildə Bakı şəhərində doktorluq dissertasiyası müdafiə edib. O, Azərbaycan Respublikasının "Qabaqcıl Maarif Xadimi" (1983), Akademik Yusif Məmmədəliyev (1994), Akademik Mehdi Mehdizadə (1996), Mikayıl Müşfiq (1999) mükafatları laureatıdır. Benəlxalq Lütfizadə Assosiyasiyasının üzvüdür. Fərahim Blalkişi oğlu Sadıqov Almaniyada, Fransada, Yunanıstanda, Tükiyədə, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda, İngiltərədə, İtaliyada, Belçikada, Hollandiyada, İsveçdə, İsveçrədə, Malayziyada, Tailandda, Sinqapurda, Hindistanda, Pakistanda və eləcə də Amerika, Asiya, Avropa və Avrasiya ölkələrində təhsil probleri ilə yaxından tanış olub və oradakı çıxışları maraqla qarşılanıb. Fərahim müəllim, “Azərbaycan” Universitetinin professoru, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvüdür.
Onlarla dissertant və doktorant, elmlər doktorunun, eləcə də mənim elmi rəhbərim olan Fərahim müəllim gözəl insani keyfiyyətləri, aydın fikri, dərin zəkası, qibtəedici hafizəsi, geniş dünya görüşü, zəngin iş təcrübəsi, yazmaq-yaratmaq məhəbbəti tükənməyən ziyalıdır. Qəlbində elm çırağını yandıran alimin yaratdıqlarını qələmə düzüb tamamlaya bilmirəm. Çünki o, alim və insan sözləri mənim üçün adi leksik vahiddən müdriklik etalonuna çevirən, zəngin pedaqoji təcrübəsi və elmi yaradıcılığı ilə yanaşı, şəxsi keyfiyyətləri ilə də gələcək nəsillərə örnək tərcümeyi-hala sahibdir.
Yuxarıda hörmətli professorun təqdim olunduğu mükafatların bəzilərini sadalaya bildim, amma ən böyük mükafatı onu tanıyan dostlarının, yoldaşlarının, doktorantlarının, yaxınlarının etibarını qazanmaqdır və bunu qazandığı üçün professor Fərahim Balakişi oğlu Sadıqov çox xoşbəxt insandır. Mən də çox xoşbəxtəm ki, Fərahim müəllimin dissertantı olmuşam. Təkcə elmi tədqiqatımla bağlı deyil, həyatda qarşılaşdığım çətinliklərlə də bağlı məsləhətləri hər zaman ondan alıram. Qarşıma çıxan, məni üzən hər mövzuda rəhbərim yadıma düşür. O da sağ olsun, hər zaman məsləhət və tövsiyələrini yorulmadan, həmişəki kimi verir, mən də bütün dediklərini qulağımdan sırğa kimi asıram. Onun insanlıq dolu mənəvi keyfiyyətləri sayılası, bitəsi deyil. Hər görüşümüzdə dərk edirəm ki, hələ mən çox şeyi bilmirəm və ondan öyrənəcəyim hələ də çox şeylər var.
Fərahim müəllimin yetirmələri, dostları, tanışları həmişə onun dostluğa sədaqətli olmasından ürəkdolusu danışırlar. Bu xüsusda Fərahim müəllimin yaxın dostu, professor, dəyərli bədii əsərlərin müəllifi olan Akif Abbasovun fikirlərilə tanış olmaq lap yerinə düşərdi. O, yazır: “Fərahim yaxşı yoldaş və dostdur. Bu insana arxalanmaq, güvənmək olar. Dostluqda sədaqətlidir, bu yolda xeyirxahlığını, hər cür köməyini göstərməyə hazırdır, dost yolunda malına və puluna belə qıyar”.
Eləcə də Fərahim müəllimin uşaqlıq dostu, Əməkdar incəsənət xadimi, tanınmış yazıçı-rejissor Ağalar İdrisoğlu Fərahim Sadıqova həsr etdiyi “Bir alim ömrünün salnaməsi” bədii-sənədli romanında professor Fərahim müəllimin həyatının çoxlu anlarını yüksək peşəkarlıqla və maraqlı bədii cümlələrlə qələmə alıb.
Bax, belə dostdur, pedaqoqdur Fərahim müəllim.
Allah-Təala onu xoş günündə dünyaya gətirib. Üz-gözündən təbəssüm, nur əskik olmur, xoş niyyətlidir, səmimidir, ürəyi açıqdır. Heç kimin qeybətini eləməz, dalınca danışmaz. Daha çox insanların, dost və yoldaşlarının yaxşı tərəflərini görməyə çalışır. Dara düşənə kömək edir, xoş sözlərilə, məsləhətlərilə, lətifələrilə, dünya dahilərinin aforizmlərilə acıqlı adamın belə hirsini soyudur, onda nikbin əhval-ruhiyyə oyadır.
Əzizim, dayağım, atam qədər sevdiyim Fərahim müəllim, sentyasbr ayının 10-da Sizin 77 yaşınız tamam oldu. Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə sağlam ömür, uğurlu iş fəaliyyəti arzu edirəm. Bir daha doğum gününüz mübarək!
Bəli. Mən fəxr edirəm ki, belə elmli rəhbərim var. O, sözün həqiqi mənasında çox böyük ziyalıdır. Bu gün məmələkətimizdə belə böyük ziyalılara çox ehtiyacımız var.
Əbu Turxanın ziyalı ilə bağlı belə maraqlı kəlamları var: “Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. Ziyalısız kütlə kordur”. Bax, bu aforizmləri tam Fərahim Balakişi oğlu Sadıqova şamil etmək olar.
Sevinc Tofiq qızı VƏLİYEVA,
Naxçıvan Müəllimlər İnstitutunun
Pedaqogika və Psixologiya kafedrasının müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə