COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.
SİA xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçiriləcək tədbirə dair məlumat COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai tərəfindən verilib.
Muxtar Babayev bildirib ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəf olub və əldə edilən nəticələr qürurvericidir. O vurğulayıb ki, iqlim dəyişikliyinin təsirləri davam etdiyi üçün fəaliyyətlər dayanmamalıdır və bu məsələ həm qlobal, həm də regional səviyyədə diqqətdə saxlanmalıdır: “Azərbaycan regionda iqlim tədbirlərində lider mövqeyini qoruyacaq və yaşıl keçid imkanlarını nümayiş etdirməyə davam edəcək. Braziliyanın COP30-a sədrliyi dövründə onların məqsədlərinə çatmaları üçün yaxından əməkdaşlıq olunacaq”.
Nigar Arpadarai isə qeyd edib ki, ədalətli və təhlükəsiz iqlim keçidi üçün geniş ictimai dəstəyə ehtiyac var. Ötən il keçirilmiş Bakı İqlim Fəaliyyəti Həftəsi bu baxımdan mühüm təşəbbüs olub və bu il də bu təşəbbüs davam etdirilərək əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaq. O, həmçinin Bakı ilə London və Rio-de-Janeyro arasında iqlim sahəsində tərəfdaşlığın genişləndiyini bildirib.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində beynəlxalq konfrans, seminarlar, dəyirmi masalar və mədəni tədbirlər keçiriləcək. Tədbirdə iqlim sahəsində çalışan mütəxəssislər, dövlət qurumları, investorlar və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək.
Bu il Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramına enerji keçidi, davamlı kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması, şəhərlər və tikinti mühiti, elm, texnologiya və innovasiya, davamlı iqtisadi inkişaf, KOB və yaşıl bacarıqlar, gənclər və yeni nəsil startaplar, iqlimə uyğunlaşma və dayanıqlılıq kimi əsas mövzular daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə