Qonşu deyirdik, qardaş çıxırdı… İndi nə oldu bizə? - KÖŞƏ

Qloballaşmanın kölgəsində itən insan münasibətləri

Bir zamanlar bir uşaq pəncərədən kədərli baxanda qonşu qadın evindən çıxar, onu qucaqlayardı. Həyətdəki uşaqlar çörəyi yarı bölər, qazanlar paylaşılardı. Əvvəl qonşuya pay aparılardı, çünki o da ailədən sayılırdı. Qonşu sözü sadəcə evin yanında yaşayan biri deyildi – o, sənin sirdaşın, güvəndiyin, ehtiyac anında birinci çatacaq adam idi.

İndi isə nə o qazanların ətri divar arxasından keçib gəlir, nə də o qapılar döyülür. Qonşu evləri bir-birinə çox yaxın, amma ürəklər bir o qədər uzaqdır. Gülüş səslərinin yerini səssizlik alıb. Eyvanlarda paltar yellənsə də, insanların qəlbləri durğun, hissləri susqundur. Qapılar bağlı, pəncərələr örtülü, evlər sakit… Qonşuluq itdi. İtdi, çünki həyat dəyişdi.

Qloballaşan dünya, kiçilən insan
Qloballaşma – yəni dünyanın bir kəndə çevrilməsi – əvvəlcə möcüzə kimi göründü. Dünyanın istənilən yerindən xəbərlər anında qarşımıza çıxır, sosial mediada istədiyimiz insanla əlaqə qururuq, texnologiya bizə sərhədsiz imkanlar verir. Amma bu sərhədsizlik içində biz yaxınlarımızla aramıza görünməz divarlar çəkdik.

Hər şeyə vaxt tapırıq – xəbərləri oxumağa, paylaşım etməyə, “like” verməyə… Amma qonşuya salam verməyə, qapısını döyməyə, “çay içməyə gəl” deməyə zaman tapmırıq. Bir zamanlar bir blokda yaşayan insanlar bir ailə kimiydi, indi isə bir yerdə yaşayıb bir-birini tanımayan yadlar halına gəlib.

Texnologiya ilə yaxınlaşıb, insanlıqdan uzaqlaşdıq
Zaman dəyişdi, amma bu dəyişiklik sadəcə telefonlarımızda, geyimlərimizdə deyil – ruhumuzda da oldu. İndi bir çox insan təkcə evində deyil, ürəyində də tənhadır.

Psixoloqlar bildirirlər ki, insanlar getdikcə sosial təcrid yaşayır – yəni cəmiyyətin içində olsa da, özünü tənha və kimsəsiz hiss edir. Bunun bir səbəbi də artıq münasibətlərin virtuallaşmasıdır.

Artıq salamlar yazılır, zənglər yox, mesajlar var. “Necəsən?” sualı emoji ilə cavablandırılır. İnsanlar danışmaqdan çəkinir, ünsiyyətdən yorulur, bir-birini dinləməyə səbri qalmır. Halbuki ən sadə insan münasibəti belə – bir salam, bir təbəssüm, bir çay dəvəti – insanın ruhunu isidir.

Qonşuluq: Unudulan dəyər, itən mədəniyyət

Antropoloqlar deyir ki, bir cəmiyyətin ən güclü bağları məhz ortaq yaşam təcrübəsindən yaranır – yəni bir yerdə yaşamaq, eyni məkanı, eyni adətləri, eyni çətinlikləri paylaşmaq. Amma indi artıq bu ortaq həyat təcrübələri də azalıb.

Əvvəllər bayramlarda bütün bina bir süfrə başına toplanardı. Toyda, yasda, hər kəs bir-birinin yanında olardı. İndi isə bu mərasimlər də formallaşıb, münasibətlər isə səthi və süni olub. Cəmiyyət yavaş-yavaş fərdiləşir, insanlar isə içlərinə qapanır.

Bəlkə də bir qapı döyməklə başlaya bilərik

Bütün bu deyilənlər ümidsizlik yaratmamalıdır. Bəlkə də bu yazını oxuyandan sonra illərlə görüşmədiyin qonşunun qapısını döyərsən. Bəlkə də sadəcə bir “necəsiniz?” sualıyla, ya da bir gülümsəmə ilə başlanar hər şey. Çünki münasibətləri yenidən bərpa etmək üçün böyük addımlar atmağa ehtiyac yoxdur.

İnsan əlaqələri bəzən bir stəkan çay qədər sadə, bir salam qədər səmimi ola bilər. Unutmayaq ki, biz bir vaxtlar qonşu deyəndə qardaş anlayırdıq. O anlayışı, o duyğunu itirməmək üçün indi tam zamanıdır.

Nigar Şahverdiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə