Noyabrın 19-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin payız sessiyasında növbəti plenar iclası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyinə 8 məsələnin daxil edildiyini deyib. Bildirib ki, onlardan 6-sı “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu il büdcə müzakirələri “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Noyabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyamızın 30 illiyini qeyd etdi.
Eyni zamanda, bu ay Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin 5-ci ildönümü də qürurla qeyd olundu. Dövlət suverenliyimizin tam bərpasını təcəssüm etdirən bu tarixi hadisələr gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə xüsusi bir məna verir.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan verib.
Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib.
Komitə sədri büdcənin gəlir və xərcləri barədə söhbət açaraq, büdcə zərfinin makroiqtisadi sabitliyi səciyyələndirən proqnozlara əsaslandığını, növbəti ildə iqtisadi artımın 2,9 faiz, ortaillik inflyasiya səviyyəsinin 4,8 faiz nəzərdə tutulduğunu, qlobal iqtisadi təsirlərə baxmayaraq, iqtisadiyyatımızı konyunktur risklərdən sığortalamaq üçün ölkəmizin 82,5 milyard dollarlıq strateji valyuta ehtiyatlarına malik olduğunu deyib. Qeyd edib ki, “Böyük Qayıdış” Proqramının icrasına növbəti il üçün planlaşdırılan 3,5 milyard manat da nəzərə alınmaqla, 2020-2026-cı illərdə 25,3 milyard manat büdcə vəsaiti ayrılıb. Təsdiq edilmiş iqtisadi inkişaf strategiyasının və digər dövlət proqramlarının da icrası üçün milyardlarla manat vəsaitə ehtiyac var. Belə bir şəraitdə büdcə prosesinə rasional və realistik yanaşma zərurəti yaranır.
Diqqətə çatdırılıb ki, büdcə zərfinin əsas xüsusiyyətlərindən biri, ənənəvi olaraq, onun sosial xarakteri ilə bağlıdır. Sosialyönümlü xərclərin 17,1 milyard manat olmaqla dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin növbəti ildə də prioritetliyini ifadə edir. Eyni zamanda, təhsil, sosial müdafiə və təminat xərcləri üzrə artımlar nəzərdə tutulur. Bu artımlar icmal səhiyyə xərclərini də əhatə edir. Qeyd edilib ki, növbəti ilin büdcə zərfi həm də təhlükəsizlik büdcəsidir.
Sonra iclasda maliyyə naziri Sahil Babayev çıxış edərək bildirib ki, növbəti ildə “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik məqsədilə dövlət büdcəsi xərclərinin 21 faizi həcmində və ya 8,7 milyard manat məbləğində vəsait nəzərdə tutulur və bu, cari illə müqayisədə 319 milyon manat çoxdur. 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönümlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlərə, təqaüdlərə və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.
Bununla yanaşı qeyd olunub ki, 2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq və bu, 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Bütövlükdə, gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılır.
Növbəti ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,2 milyard manat vəsait ayrılacaq. Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək. Bu xərclərin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulur.
Maliyyə naziri nəzərə çatdırıb ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq və bu, cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur. Qeyri-neft sektorundan gəlirlərin 13,3 milyard manatını vergi orqanlarının, 6,9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividendlər təşkil edəcək. Neft-qaz sektorundan gəlirlər isə 16,4 milyard manat və ya büdcə gəlirlərinin 42,6 faizi məbləğində proqnozlaşdırılır. Cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9,1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9,6 faiz çox olacaq.
Nazir, habelə 2026-cı il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı məlumatı təqdim edib. O bildirib ki, növbəti il üçün icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat məbləğində proqnozlaşdırılır. 2026-cı il üçün Dövlət Neft Fondunun büdcəsinin gəlirləri və xərcləri eyni səviyyədə, 13 milyard manat məbləğində nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8,3 milyard manat, xərcləri 8,5 milyard manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 milyard manat, xərcləri 2,6 milyard manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 238 milyon manat, xərcləri 266 milyon manat təşkil edəcək. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483 milyon manat məbləğində olacaq.
Sonra iclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatının son illər ərzində keçdiyi inkişaf yoluna nəzər salaraq, 2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verildiyini, 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verdiyini söyləyib. Bildirib ki, bu dövr ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58 faizdən cari ilin son tarixinə 70 faizə yüksəlib. 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə böyüyüb. 2022-2025-ci illərdə ortaillik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in ortaillik artımının 6,1 faiz olacağı gözlənilir. 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4 milyard ABŞ dolları olub. 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib.
Nazir diqqətə çatdırıb ki, 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb.
Sonra iclasda çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, Beynəlxalq Valyuta Fondunun oktyabr proqnozlarına əsasən, 2025-ci ildə qlobal iqtisadi artımın 3,2 faiz, inflyasiyanın 4,2 faiz olacağı gözlənilir. 2026-cı il üçün qlobal iqtisadi artım 3,1 faiz, inflyasiya isə 3,7 faiz səviyyəsində proqnozlaşdırılır.
2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatının müsbət dinamikasından danışan Taleh Kazımov deyib ki, bu dövrdə ÜDM real ifadədə 1,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 3,1 faiz artıb. Həmçinin ölkənin strateji valyuta ehtiyatları 16,2 faiz artaraq dövrün sonuna 82,5 milyard ABŞ dolları təşkil edib. Vurğulanıb ki, bu göstərici tarixi maksimum olmaqla, ölkəmizin iqtisadi gücünü və onun maliyyə dayanıqlılığını əks etdirir. Mərkəzi Bankın valyuta ehtiyatları oktyabr ayının sonuna 11,4 milyard ABŞ dollarına bərabər olub ki, bu da son 3 il üzrə 45,7 faiz artım deməkdir.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Palata tərəfindən hazırlanmış rəyi təqdim edib. Bildirilib ki, büdcə layihəsi və ona əlavə olunan sənədlər “Büdcə sistemi haqqında” Qanuna uyğun tərtib olunub və proqnoz göstəriciləri düzgün müəyyən edilib. Palatanın əvvəlki rəylərində göstərilən bir çox məqamlar büdcə zərfində tam və ya qismən nəzərə alınıb. Gələn ilin büdcəsi ölkənin ortamüddətli strateji məqsədlərini, sosial-iqtisadi inkişaf strategiyasının və “Böyük Qayıdış” Proqramının sonuncu il tədbirlərinin maliyyələşdirilməsini əhatə edir, həmçinin rəqəmsal iqtisadiyyat və süni intellekt kimi prioritetlərin maliyyə təminatını nəzərdə tutur.
Fiskal intizam normaları ilə bağlı qeyd olunub ki, hesablamalar icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin cari ildə büdcə qaydasının fəlsəfəsində aparılan dəyişikliklərdə nəzərdə tutulan hədləri üstələdiyini göstərir. Qaydanın digər göstəricisi olan dövlət borcunun ÜDM-ə nisbəti isə müəyyən edilmiş hədəf diapazonunda qalmaqdadır.
Növbəti ildə büdcə xərclərinin strukturunda da dəyişikliklərin nəzərdə tutulduğunu deyən Vüqar Gülməmmədov bunun əsasən uçot siyasətində edilən dəyişikliklərlə bağlı olduğunu bildirib. Növbəti ildə borca xidmət xərcləri gəlirlərin 6,4 faizi, xərclərin isə 5,9 faizi həcmində proqnozlaşdırılır ki, bu da məqbul səviyyədir.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına növbəti ildə maliyyələşdirilməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17,7 milyard manatdır.
Vüqar Gülməmmədov sonda təhlillərin nəticələrini ümumiləşdirərək, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığını bildirib.
Fasilədən sonra iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Əhliman Əmiraslanov, Anar İsgəndərov, Tahir Rzayev, komissiya sədri Eldar Quliyev, deputatlar Azər Badamov, Vüqar Bayramov, Asif Əsgərov, Heydər Əsədov, İlham Məmmədov, Fariz İsmayılzadə, Mircəlil Qasımlı, Bəxtiyar Əliyev, Azər Allahverənov, Soltan Məmmədov, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Rövşən Muradov, Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Tahir Mirkişili, Əli Məsimli, Nəsib Məhəməliyev çıxış ediblər.
Deputatlar gələn ilin dövlət büdcəsi layihəsinin əsas məqsədinin sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunda davamlı artımın təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsi olduğunu bildirib, bir sıra məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 20-də davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB