2025-ci il noyabr ayının 19-da YAP Xətai Rayon Təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33 illiyinə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirildi. SİA xəbər verir ki, tədbir xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının yaranmasından bu günədək keçdiyi inkişaf yolu barədə geniş nitq söylədi. O, ümummilli lider Heyər Əliyevin siyasi strategiyası və Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu olduğunu söylədi. Ramil Mirzəyev qeyd etdi ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun davam etdirilməsi ölkəmizi daha da parlaq gələcəyə aparacaq və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin sosial-iqtisadi inkişaf layihələrindəki töhfələrindən və Xətai rayonunda həyata keçirilən uğurlu tədbirlərdən danışdı. O, partiya üzvlərinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, gələcək inkişaf perspektivlərinə toxundu. Rafiq Quluyev Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü Vahid Novruzov partiyanın ölkənin dövlət quruculuğunda və iqtisadi inkişafında oynadığı mühüm rolu vurğuladı. Vahid Novruzov çıxışında ölkədə aparılan iqtisadi islahatların maliyyə şəffaflığına, audit sisteminin inkişafına və dövlət nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, professor Əfsun Sucayev öz çıxışında elm və təhsil müəssisələri ilə partiyanın əməkdaşlığı barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Əfsun Sucayeb bildirdi ki, bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzunu davamlı olaraq artırır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov Yeni Azərbaycan Partiyasının ölkəmizin iqtisadi və sənaye sahələrindəki uğurlarında rolu haqqında danışdı. O, partiyanın elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığını, gənc mütəxəssislərin yetişdirilməsinə verdiyi dəstəyi xüsusi qeyd etdi.
Tədbirdə çıxış edən “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətini yüksək qiymətləndirib və partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əvəzsiz rol oynadığını bildirib. Behruz Quliyev qeyd edib ki, YAP-ın siyasi xətti təkcə bir partiyanın inkişaf yolu deyil, həm də Azərbaycan dövlətçiliyinin müasir formalaşma tarixidir. O, media sektorunun da bu proseslərdə mühüm missiya daşıdığını xüsusi vurğulayıb.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov çıxışında partiyanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsinin rolundan bəhs edib. O partiya üzvlərini və tərəfdarlarını təbrik edib, Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəyinə inamını ifadə edib.
Tədbir çərçivəsində YAP üzvü olan bir qrup partiya fəalı yubileyləri münasibətilə təltif olunub, onlara yubiley plaketi və qiymətli hədiyyələr verilib, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam etdirilib, Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB