Məktəbli forması və geyim qaydaları dünyada həm təhsil sisteminin tənzimlənməsi, həm də cəmiyyətdəki sosial-dini tarazlığın qorunması baxımından geniş müzakirə olunan mühüm mövzulardandır. Bəs, görəsən, vahid məktəbli forması dünyanın neçə ölkəsində tətbiq olunur?
Dünyada 60-dan çox ölkədə vahid məktəbli forması dövlət səviyyəsində və ya məktəblərin böyük əksəriyyətində məcburi (və ya ümumi standart) olaraq tətbiq edilir. Məcburi geniş tətbiq olunan ölkələr Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya, Yeni Zelandiya, Tailand, Malayziya, Türkiyə (müəyyən çərçivədə), körfəz ölkələri və Afrika ölkələrinin böyük əksəriyyətidir. Məktəblərin öhdəliyinə buraxılan ölkələr isə ABŞ və Kanada kimi ölkələrdə dövlət məktəblərində vahid forma məcburi olmasa da, xüsusi və özəl məktəblərin təxminən 20-25%-i vahid forma standartı tətbiq edir.
Serbəst geyim üstünlük təşkil edən ölkələr də var, onlar Almaniya, Fransa, İspaniya, İtaliya və Skandinaviya ölkələrində dövlət məktəblərində vahid forma anlayışı demək olar ki, yoxdur (müəyyən geyim etiketi istisna olmaqla).
Bəs, vahid məktəbli formasının əsas əhəmiyyəti nədir? Birincisi, sosial və iqtisadi bərabərsizliyin gizlədilməsi. Müxtəlif gəlir səviyyəsinə malik ailələrin övladları eyni geyimi geyindikdə, şagirdlər arasında maddi imkan fərqləri və geyim brendləri üzərindən yaranan psixoloji təzyiq minimuma enir. İkincisi, məktəb intizamı və fokuslanma. Vahid forma şagirdlərdə "məktəb mühitində olma" şüurunu formalaşdırır, diqqətin geyim dəbinə deyil, dərs prosesinə yönəlməsinə kömək edir. Üçüncüsü, mənsubiyyət və həmrəylik hissi. Şagirdlərdə aidiyyət hissi və kollektiv ruh yaradır. Məktəb ərazisində kənar şəxsləri dərhal fərqləndirməyə və kütləvi gəzintilər zamanı şagirdlərin təhlükəsizliyinə nəzarət etməyə imkan verir.
Dünyanın bir çox dünyəvi təhsil sistemlərində dini geyim və görünən dini simvolların (məsələn, hicab, xaç, kippa və s.) məktəblərdə istifadəsinə müəyyən məhdudiyyətlər qoyulur və ya tamamilə qadağan edilir (məsələn, Fransa modeli). Bunun əsas mənfi və riskli cəhətləri sosial bölünmə və ayrı-seçkilikdir. Dini geyim şagirdlərin dini mənsubiyyətini dərhal görünən edir. Bu da uşaqlar arasında "bizimkilər" və "özgələr" ayrımına, müxtəlif dini və ya dünyəvi baxışlı uşaqlar arasında qütbləşməyə yol aça bilər.
Dini geyim geyinən uşaq dünyəvi və ya fərqli dini baxışlı mühitdə kənarlaşdırma və ya təcrid olunma ilə üzləşə bilər. Əksinə, müəyyən dini qrupların sıx olduğu məktəblərdə dini geyim geyinməyən şagirdlərə dindar həmyaşıdları tərəfindən mənəvi-psixoloji təzyiq göstərilə bilər.
Təhsil müəssisəsi neytral zəmin olmalıdır. Dini geyimlərin məktəbə daşınması dövlətin təhsildə təmin etməli olduğu neytrallıq və bərabərlik prinsiplərini kölgədə qoya bilər. Uşaqların hələ öz müstəqil dünya görüşü tam formalaşmadan ailənin və ya icmanın dini baxışlarını əks etdirən geyimlərə məcbur edilməsi onların fərdi inkişafına və azad seçim hüququna mənfi təsir göstərə bilər.
Bəzi gen və ya örtülü dini geyimlər bədən tərbiyəsi (idman) dərslərində, kimya-fizika laboratoriya təcrübələrində və peşə yönümlü dərslərdə hərəkət məhdudiyyəti və təhlükəsizlik riski yaradır.
Məktəblərdə dini geyim və dünyəvilik siyasəti
Fransa və Türkiyənin təhsil sistemlərində dünyəvilik və dini geyimlərlə bağlı yanaşmaları müqayisə etdikdə, hər iki ölkənin tarixi təcrübələrə dayanan, lakin müasir dövrdə tamamilə əks istiqamətlərə yönələn modellər tətbiq etdiyini görmək olar. Fransa modeli təhsildə dünyəviliyi neytallıq dərəcəsində qoruyan və bütün dini simvolları dövlət məkanından tamamilə təcrid edən radikal yanaşmaya söykənir. 1905-ci il kilsə ilə dövlətin ayrılması haqqında fundamental qanun qəbul edildi, 2004-cü ildə dövlət məktəblərində (ibtidai və orta təhsil) şagirdlərin görünən dini simvollar daşıması (hicab, böyük xaç, kippa, sikx türbanı) rəsmən yasaqlandı. 2023-cü il addımında isə məktəblərdə "abaya" (ənənəvi uzun dini/mədəni geyim) tətbiqinə də qadağa qoyuldu. Məktəb – dini, etnik və ya mədəni fərqliliklərin unudulduğu, hər bir şagirdin yalnız "Fransa Respublikasının bərabərhüquqlu vətəndaşı" kimi formalaşdığı neytral məkandır. Qaydaları pozan şagirdlər öncə xəbərdarlıq edilir, ardınca məktəbdən kənarlaşdırılır (ekspulsiyaya məruz qalır).
Türkiyənin konsepsiyası
Türkiyə Cümhuriyyəti uzun illər Fransanın modelini kopyalasa da, son onillikdə köklü şəkildə fərqli – dinin ictimai və təhsil həyatında daha görünən olduğu bir modelə keçib. Cumhuriyyət dövrü (1923) və 1980-90-cı illərdə məktəb və universitetlərdə katolik/dünyəvi fransız modelinə oxşar olaraq hicab və dini geyim tamamilə qadağan idi. 2012–2014-cü illərdə aparılan İslahatlar zamanı Milli Təhsil Nazirliyi tərəfindən məktəblərdə geyim sərbəstliyi və orta məktəblərdə (litsey və imam-hatip məktəbləri daxil olmaqla baş örtüyünə qoyulan qadağa ləğv edildi. Dünyəvilik – dinin dövlətdən təcrid olunması deyil, dini etiqad azadlığının və fərdi seçimlərin dövlət tərəfindən müdafiə olunmasıdır. Şagirdlər dövlət məktəblərinə öz istəklərinə uyğun olaraq baş örtüyü və ya ənənəvi geyimlərlə gələ bilərlər. Dini təhsil (Din Kültürü ve Ahlak Bilgisi) və ibadət otaqları (məscid) məktəblərdə mövcuddur.
Fransa dünyəviliyi "eynilik və neytrallıq" üzərində quraraq fərqlilikləri məktəb qapısının arxasında saxlamağa çalışır. Türkiyə isə modern dövrdə dünyəviliyi "çoxluq və azadlıq" prizmasından şərh edərək dini ifadə azadlığını məktəb mühitinə daxil edib. Hər iki model öz daxilində sosial həmrəylik yaratmaq iddiasında olsa da, həm fransız, həm də türk cəmiyyətində bu məsələ hələ də ideoloji müzakirə obyekti olaraq qalır.
Azərbaycanın təhsil sistemi və dünyəvilik modeli
Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə və "Təhsil haqqında" Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycanda dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Azərbaycanın dünyəvilik modeli özünəməxsus balanslaşdırılmış xüsusiyyətlərə malikdir. Dövlət təhsil müəssisələrində hər hansı dinin təbliğinə, dini ayinlərin keçirilməsinə və ya dini yönümlü siyasi təşkilatlanmaya izin verilmir. Təhsil proqramları elmi dünyagörüşünə söykənir. Məktəblərdə din ayrıca ibadət kimi deyil, "Həyat bilgisi" və tarix fənləri çərçivəsində mədəniyyət, mənəviyyat və dünya dinləri tarixi kimi obyektiv şəkildə tədris olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə dövlət ümumi təhsil müəssisələri üçün vahid məktəbli forması təsvirləri və geyim etiketi təsdiq edilib. Vahid forma sosial-iqtisadi fərqləri vizual olaraq aradan qaldırmaq, şagirdlər arasında təbəqələşmənin və psixoloji təzyiqin (bullinqin) qarşısını almaq məqsədi daşıyır. Məktəbli forması standart köynək, şalvar, yubka və jiletdən ibarətdir. Geyim üzərində hər hansı kənar subkultura, siyasi və ya açıq dini simvolların olması məktəb intizam qaydalarına zidd hesab olunur.
Şagirdlərin məktəbə mənsubiyyət hissini artırmaq və diqqətin yalnız təhsil prosesinə yönəlməsini təmin etmək əsas prinsipdir. Azərbaycanın təhsildə dünyəvilik siyasəti neytrallığı qorusa da, həm Fransanın ideoloji radikallığından, həm də Türkiyənin tam sərbəstlik modelindən fərqlənir.
Azərbaycanın təhsildə dünyəvilik modeli ölkədəki çoxmədəniyyətli (multikultural) və fərqli dini icmaların dinc yanaşı yaşaması ənənəsinə söykənir. Bakı nə Fransadakı kimi cəmiyyətdə sosial gərginlik yaradan radikal qadağalara, nə də Türkiyədəki kimi məktəblərdə dini iddentikliyin qütbləşmə yarada biləcəyi kəskin sərbəstliyə meyil edir.
Vahid məktəbli forması və dünyəvi təhsil prinsipi Azərbaycanda milli həmrəyliyin, sosial bərabərliyin və dövlətçilik təfəkkürünün formalaşdırılmasına xidmət edən strateji təhlükəsizlik alətidir.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB