“Azərbaycan artıq beynəlxalq siyasi nizamda əsas yer tutacaq” - ŞƏRH EDİLDİ

“Azərbaycanın regional güc kimi ortaya çıxması, təbii ki, bu, yeni geosiyasi proseslərin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda Türkiyə ilə birlikdə yeni bir siyasi konfiqurasiya qurdu:

“Ona görə də müharibədən sonra Azərbaycanın apardığı uğurlu xarici siyasət yeni siyasi şərtləri özü ilə gətirdi və nəticədə ABŞ ilə də Zəngəzur dəhlizi ilə bağlı bəyanatın imzalanması Mərkəzi Asiyaya açılım siyasətinə gətirib çıxarır.

Xüsusilə artıq Mərkəzi Asiya ölkələri də Zəngəzur dəhlizini Qərbə çıxış üçün bir marşrut kimi görürlər. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı müstəvisində də Azərbaycanın geosiyasi mövqeyi güclənir. Bunun əsas təməli ondan ibarətdir ki, Azərbaycan apardığı uğurlu siyasət, real beynəlxalq siyasi konfiqurasiyanı düzgün qiymətləndirməsi nəticəsində geosiyasi mövqeyini regional güc kimi ortaya çıxara bildi.

Bu gün artıq Azərbaycan Cənubi Qafqazın, eyni zamanda Mərkəzi Asiyanın da yeni bir üzvüdür. Mərkəzi Asiya ölkələri ilə də birgə çıxış edir. Yəni, Xəzər hövzəsində, Cənubi Qafqazda və Mərkəzi Asiyada Azərbaycan artıq beynəlxalq siyasi nizamda əsas yer tutacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə