Ölkəmizdə qanunla evli cütlüklər əsasən övlad sahibi ola bilmədikdə və ya öz övladları olsa da, əlavə övlad götürmək üçün uşaq evlərinə müraciət edə bilir. Lakin bir çox ölkələrdə əsasən də Qərb ölkələrində subay insanlar da ailə qurmadan övladlığa uşaq götürə bilir. Bəs görəsən bu praktika ölkəmizdə də tətbiq oluna bilərmi?
SİA bu barədə şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Etibar Məmmədov:
“Bu praktikanın ölkəmizdə də tətbiqinə münasibətim çox yaxşıdır. Çünki elə vətəndaşlarımız var ki, ailə qura bilmirlər. Yəni yaşları keçir, ancaq ailə qura bilmirlər. Övladlığa uşaq götürmək məsələsi könüllü olmalıdır. Həm də övladlığa uşaq götürmək istəyən şəxsin maddi vəziyyəti yaxşı olmalıdır. Həmçinin bu insanın fiziki imkanı da yaxşı olmalıdır ki, götürdüyü uşağı saxlaya bilsin”.
Şəhər sakini Arifə Həşimova:
“Təbii ki, subay insanlar da övladlığa uşaq götürə bilərlər. Ancaq uşağın hansı ailəyə verilməsi çox önəmlidir. Yəni övladlığa uşaq götürən adamın hansı nəsildən olması çox vacibdir. Övladlığa uşaq götürmək istəyən adamın necə adam olmasına baxılmalıdır. Dövlət özü bu məsələləri araşdırmalıdır”.
Şəhər sakini Sevda Mirzəyeva:
“Mən bu təcrübənin ölkəmizdə tətbiqinə pis baxıram. Ona görə ki, tək adamın uşağa baxması çox çətindir. Tək qadın və ya tək kişi uşağa baxa bilməz. Ancaq ailə quran cütlüklər övladlığa uşaq götürə bilərlər. Belə olan halda uşağa hər ikisi baxacaq. Həm də uşaq tək böyüməyəcək”.
Şəhər sakini Cahangir Mahmudlu:
“Uşaq evlərində uşaqlar həddindən artıq çoxdur. Düşünürəm ki, övladlığa uşaq götürmək üçün ailəli olmağa ehtiyac yoxdur. Həmçinin təbii ki, ailəli cütlüklər də övladlığa uşaq götürə bilərlər. Bu həm də dini baxımdan da çox savabdır. Yəni mən buna çox müsbət baxıram”.
Şəhər sakini Tahirə Gənciyeva:
“Hesab edirəm ki, subay insan ailə qurmadan övlad sahibi ola bilməz. Bu gün ailələr boşanır. Kişi uşağı götürür və qadından uşağa baxmaq üçün pul istəyir. Ona görə də qəti şəkildə mən bu təcrübənin ölkəmizdə də tətbiqinə pis baxıram. İnsan birinci ailə qurmalıdır deyə düşünürəm”.
Şəhər sakini Faiq Həsənov: “Subay insanın övladlığa uşaq götürməsinə pis baxıram. İnsan birinci növbədə ailə qurmalıdır. Əgər övladı olmasa, o zaman övladlığa uşaq götürməlidir. Subay insan övlad böyütməyin məsuliyyətini hiss edə bilməz. Ona görə də evlilik şərtdir”.
İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB