ABŞ və Çin qarşılıqlı gömrük rüsumlarının azaldılması ilə bağlı razılıq əldə etdiklərini açıqladıqdan sonra qızılın qiyməti 3 faiz aşağı düşüb. Bu xəbər eyni zamanda dolların məzənnəsinin artmasına səbəb olub. SİA xəbər verir ki, spot bazarda qızılın qiyməti 3,1 faiz azalaraq bir troy unsiyası 3223,57 ABŞ dollarına enib. Bu, mayın 1-dən bəri qeydə alınan ən aşağı göstəricidir. ABŞ-da qızıl fyuçerslərinin qiyməti isə 3,5 faiz azalaraq 3228,80 dollara düşüb.
ABŞ və Çin arasında gərginliyin xeyli azaldığı bu mərhələdə tərəflər qarşılıqlı gömrük rüsumlarının azaldılması ilə bağlı razılığa gəldiklərini bildiriblər. Bu addım, uzun müddətdir davam edən və qlobal iqtisadiyyata mənfi təsir göstərən ticarət müharibəsinə son qoymaq məqsədi daşıyır.
Cenevrədə Çin rəsmiləri ilə danışıqlardan sonra mətbuata açıqlama verən ABŞ maliyyə naziri Skot Bessent bildirib ki, tərəflər gömrük rüsumlarının 90 günlük dayandırılması barədə razılığa gəliblər, qarşılıqlı rüsumlar isə 115 faiz azaldılır.
Qeyd edək ki, ötən ay ABŞ və Çin qarşılıqlı gömrük rüsumları tətbiq etməklə ticarət müharibəsinin başlanmasına səbəb olublar ki, bu da qlobal resessiya qorxularını artırmışdı.
Dolların möhkəmlənməsi fonunda qızılın qiymətinin düşməsinin davam edəcəyi gözlənilir. ABŞ dolları danışıqlardan sonra avro, funt sterlinq, yapon yeni də daxil olmaqla əsas dünya ehtiyat valyutalarına qarşı dəyər qazanıb.
Treyderlər ABŞ-da çərşənbə axşamı açıqlanacaq istehlak qiymətləri indeksinə dair məlumatları izləyirlər. Bu göstəricilər Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin gələcək istiqaməti barədə yeni siqnallar verə bilər.
Spot bazarda gümüşün qiyməti 1,2 faiz azalaraq 32,28 dollar, platinin qiyməti isə 1,7 faiz enərək 978,5 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə