ABŞ-ın tarif artımlarına qarşı Çinin cavab tədbirləri impulsiv reaksiyalar deyil, Amerikanın illərlə imicinin saxlanmasından sonra qaçılmaz olan strateji hesablanmış addımlardır. Çin məhz qısamüddətli çətinlikləri qəbul etməklə ABŞ-ın ticarət və texnologiya hegemonluğunu qırmaq istəyini gizlətmədiyi kimi, Amerika da öz növbəsində tarif məsələsini rəqabət niyyəti ilə ortaya atıb. Bu mübarizədə, hətta belə demək mümkünsə, müharibədə Çin ilk növbədə ABŞ-ın təzyiqinə təslim olmağın yeganə irəliləyiş yolu olmadığını nümayiş etdirmək istəyir. Məhz tarif müharibəsi deyilən bu mübarizənin pərdəarxasında çox müəmmalı məqamlar gizlənir...
Dünyanın iki ən böyük ölkəsi arasında iqtisadi əlaqələr de-fakto pozulub
Çin və ABŞ artıq bir müddətdir ki, müşahidəçilərin təəccübünə səbəb olan gərgin tarif münaqişəsinə başlayıb. Qarşıdurma həddinə çatan bu münaqişə Tramp administrasiyası tərəfindən başladılıb. Beləki, Tramp adminstrasiyası Çin idxalına tarifləri 34 faizə qaldırıb və Çinin cavab verəcəyi təqdirdə əlavə 50 faiz barədə də xəbərdarlıq edilib. Çin də öz cavabını çox gözlətməyib və əks tədbirləri ilə tez və qətiyyətlə cavab verib. Diqqətə çatdıraq ki, ABŞ 2025-ci ilin aprelində tarifləri 125 faiz artırdıqdan sonra Çin yeni addımların mənasız olacağını açıqlayıb və mövcud tarif səviyyəsində Çin bazarının artıq ABŞ-dan idxalı qəbul edə bilməyəcəyi bəyan edilib. Sözsüz ki, Çinin qeyri-adi qətiyyətli mövqeyi bütün dünyanın diqqətini cəlb edib. Hər halda, bu vaxta qədər Çinin nə qədər güclü ticarət qabiliyyətinə malik olduğunu düşünənlər və bu ölkənin qətiyyətinə inananlar yanılmadıqlarına bir daha əmin olublar.
Bu arada diqqətə çatdıraq ki, Ağ Ev Pekinin danışıqlar masasına qayıdacağına ümid bəsləyir və bunu açıq şəkildə ifadə etməyi də özünə rəva bilir. Məsələ burasındadır ki, heç də hər şey amerikalıların düşündüyü kimi deyil. Bu gün Çinin bazarları ələ alması ilə barışmaq məcburiyyətində qalan ABŞ elə bu reallıqla da barışmalıdır. Bilməlidir ki, irəliyə doğru aydın bir yol yoxdur və tariflərin sürətlə artması ilə dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət faktiki olaraq dayanıb. Bu isə o deməkdir ki, dünyanın iki ən böyük ölkəsi arasında iqtisadi əlaqələr de-fakto pozulub.
Heç şübhəsiz ki, Çin və ABŞ kimi iki böyük ölkənin iqtisadiyyatı bir-biri ilə sıx əlaqəli olduqda, ticarət balanssızlığının azaldılması danışıqlar və diplomatiya yolu ilə həyata keçirilə bilər. Çinin uzun müddətdir ölçülüb-biçilmiş və təmkinlə cavab vermək meylini nəzərə alsaq, hökumətin cari tarif qarşıdurmasında çevik və sərt reaksiyası çoxlarını təəccübləndirib. Siyasətdə dəyişiklikləri tez-tez və gözlənilməz olan Tramp administrasiyasından fərqli olaraq, Pekin ümumiyyətlə, hesablanmış və düşünülmüş qərarları ilə tanınır. Çinin hazırkı ticarət münaqişəsində qəti mövqeyi sadəcə bir reaksiya deyil, daha çox strateji uzaqgörənliyin, iqtisadi dayanıqlığın və daha geniş geosiyasi taktikanın məhsuludur.
Çinin cavab tədbirləri impulsiv reaksiyalar deyil, strateji hesablanmış addımlardır
Amerikanın 15 aprel 2025-ci il tarixindən etibarən Çin mallarına rüsumları heyrətamiz dərəcədə 145 faizə qaldırması qarşısında Çinin iddialı yanaşmasının əsas amilləri nəzərə çarpacaq dərəcədə göz önündədir. Çin bir zamanlar məhz onillik üçün strateji hazırlıq görürdü. Çinin bu günkü mübarizəyə hazırlaşması üçün qarşısında ən azı düz on il var idi. İllər ərzində ticarəti şaxələndirmək üçün Çin sistematik olaraq ABŞ bazarından asılılığını artıq çoxdan azaldıb. Nəticədə, ABŞ-a ixrac Çinin ümumi ixracının 2018-ci ildəki təxminən 20 faizindən də aşağı düşüb və indi 15 faizdən də azdır. Bəzi ekspertlər proqnozlaşdırırlar ki, hətta ən pis ssenaridə belə, ABŞ-da satışın dayandırılması nəzəri olaraq 0,5 faizi ötməyəcək və bu, olduqca dözümlü görünür. Eyni zamanda, Çinin uzun illər əvvəl daxili istehlakı təşviq etmək üçün qəbul etdiyi “ikili dövriyyə” strategiyası xarici şokları yumşaltmaqla yanaşı, özünü təmin etmək və daxili tələb üçün kifayət edir. Ölkənin digər təşəbbüsləri, o cümlədən “Made in China 2025” və “Kəmər və Yol Təşəbbüsü”nü effektiv şəkildə həyata keçirməsi də Çinin həm texnologiyadan, həm də ABŞ bazarından asılılığını azaltmağa kömək edib.
İqtisadi rıçaqlar və əks tədbirlər də vaxtında görülüb. Dünyanın nadir torpaq metallarının emalı və məsələn, litium, kobalt olmaqla, əsas mineral tədarük zəncirlərinin 80-90 faizinə nəzarət etməklə Çin kritik minerallarda dominantlıq iddiasındadır. Belə məlum olur ki, ABŞ müdafiə sənayesi və yaşıl texnologiya sektoru Çin tədarükü olmadan problemlərlə üzləşəcək. Üstəlik, maliyyə sektorunda ABŞ-ın dollardan silah kimi istifadə etmək risklərini azaltmaq üçün Çin hazırda ABŞ Xəzinədarlığında 800 milyard ABŞ dolları saxlayır və eyni zamanda ticarət tərəfdaşlarını, o cümlədən BRİKS ölkələrini ikitərəfli hesablaşmalar üçün yerli valyutadan istifadə etməyə təşviq etməklə, de-dollarizasiya prosesini sürətləndirir. Unutmaq lazım deyil ki, bu, ABŞ-ın maliyyə sistemini hətta sarsıda və sabitliyi poza bilər.
Çində daxili birlik və uzunmüddətli baxış da əvvəlcədən nəzərə alınıb. Çin hökumətinin indi mübarizə aparmaq qərarına ictimai dəstək yetərincədir. Çin əhalisi ABŞ-ın absurd dərəcədə yüksək tariflərini ədalətsiz məhdudiyyət kimi qiymətləndirərək hökumətin mövqeyini böyük ölçüdə dəstəkləyir. Millətçilik və anti-Amerika əhval-ruhiyyəsi ictimai dəstəyi səfərbər etmək və ticarət münaqişəsi həll edilmədiyi təqdirdə adi vətəndaşların başına gələ biləcək iqtisadi çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün istifadə olunur. Müsbət cəhət odur ki, Çinin unikal iqtisadi modeli hökumətə sənaye siyasətində xeyli çeviklik verir.
Əsasən ticarət müharibəsində qarşı tərəfin dayanıqlığının hərtərəfli və obyektiv təhlili qərarların qəbulunda mühüm əhəmiyyət kəsb edir və Çin məhz bunu da əvvəlcədən nəzərə alıb. Bəllidir ki, elektriklə işləyən nəqliyyat vasitələri, günəş panelləri və digər istehlak malları da daxil olmaqla, Çin məhsullarına ABŞ-ın tarifləri Amerikada inflyasiya və daxili ixtilafları gücləndirmək riski daşıyır. Nəzərə alınıb ki, bunun üçün də siyasi məsuliyyət məhz Ağ Ev administrasiyasının üzərinə düşəcək. Ümumilikdə, Çinin cavab tədbirləri impulsiv reaksiyalar deyil, ABŞ-ın ciddi reaksiyasından sonra qaçılmaz olan strateji hesablanmış addımlardır. Həmin strateji hesablanmış addımlarla Çin, ABŞ-ın hegemonluğunu qırmağa, çoxqütblü dünya nizamını gücləndirməyə və müttəfiqlərə, eləcə də düşmənlərinə nümayiş etdirməyə çalışır ki, Amerikanın təzyiqinə təslim olmaq irəliyə doğru yeganə yol deyil.
Tədbirlər həm instinktiv cavab, həm də strateji zərurət kimi görünür
Çinin ABŞ-a hansı mesajı verdiyi bəllidir. Bəli, amerikalılara bildirilir ki, Çinə manipulyasiya obyekti deyil, bərabər, rəqib kimi yanaşılması gözlənilir. Həm də çatdırılır ki, ABŞ-ın birtərəfli yanaşmasının dönməz müqavimətlə qarşılaşdığı bu məqam “tarixi dönüş nöqtəsi” də ola bilər. Tramp və komandası “Amerikanı yenidən möhtəşəm et” lozunqu altında hansısa məqsədə çatmaq üçün yaxşı planlaşdırılmış ola bilər. Lakin hətta həmin lozunqun tərəfdarları da gec-tez etiraf etməli olacaqlar ki, qlobal idarəçilik bir ölkənin qazancının digər ölkənin itkiləri hesabına əldə olunduğu birja deyil. Dünyada vəziyyətin məhz bu tarif məsələləri fonunda yaxşılaşacağı və ya pisləşəcəyi hələlik sual altındadır və bəlli də deyil. Bəlli olan yalnız odur ki, ABŞ bir çox ölkələri, xüsusən də iqtisadi cəhətdən zəif olanları diz çökməyə və mərhəmət diləməyə məcbur etmək niyyətindədir. Amma bunu Çinə qarşı tətbiq edə bilmir.
Trampın öz hakimiyyətini gücləndirmək və birtərəfli hərəkət etmək meylinin yaxın gələcəkdə dəyişməsi ehtimalı olduqca azdır. Onun bəyənmə reytinqi 40 faiz civarında olsa da, bu, hələ də Qərb siyasi standartlarına görə əhəmiyyətli dəstək hesab olunur. ABŞ-Çin münasibətlərinin sürətlə pisləşməsi faktiki vəziyyətin göründüyündən daha ciddi olması və onun struktur nəticələrinin tarixən dərin və geniş əhatəli olması ilə danılmaz reallığa çevrilib. Çin üçün ABŞ ilə münasibətlər modeli artıq 50 il əvvəlki düşüncəyə uyğun gəlmir. Hər iki ölkədə beynəlxalq mənzərə və daxili şərait əsaslı şəkildə dəyişib. Doğrudur, Respublikaçılar üçün sarsıdıcı məğlubiyyət gözləməyə dəyməz və buna görə də Çinin sərt cavab tədbirləri həm instinktiv cavab, həm də strateji zərurət kimi görünür.
Tariflər qısamüddətli turbulentlik yarada bilsə də, dayanıqlığı poza bilməz və iqtisadi müstəvidə Çinlə mübarizə Trampın ən ciddi səhvi olar
Qeyd edək ki, Çin 28 Boeing 737 MAX və üç 787 Dreamliner təyyarəsinin tədarükünü dayandırıb ki, bu da ABŞ-ın texnoloji mühafizəsinə qəsdən əks addım kimi dəyərləndirilir. İqtisadi cəbhədə, 2025-ci il üçün Çin artım proqnozunu təkcə birinci rübdə üç dəfə azalaraq, Trampın tarifləri artırması səbəbindən 4,6 faizdən 4 faizə və ən sonda 3,4 faizə dəyişdi və bu, əsas qurumlar arasında ən bədbin proqnoz sayıldı. Bununla belə, qeyd etmək vacibdir ki, hətta bu sürətlə Çinin nəhəng iqtisadiyyatı hələ də qlobal artımın təxminən üçdə birini təşkil edəcək. Etiraf edilməlidir ki, bu, mühüm bir məqamı vurğulayır və təsdiq edir ki, Trampın tarifləri qısamüddətli turbulentlik yarada bilsə də, Çin iqtisadiyyatının əsaslarını və dayanıqlığını poza bilməz. Çin iqtisadiyyatı strateji muxtariyyətini qoruyaraq bu geosiyasi fırtınadan nəhəng bir gəmi kimi, stabil qaydada üzərək keçir.
Çinlə “döyüşmək”, daha dəqiq desək, ümumiyyətlə, iqtisadi müstəvidə mübarizə aparmaq Trampın ən ciddi səhvlərindən biri ola bilər. Təbii ki, bunu da zaman göstərəcək. Yaxın gələcəkdə Çin və ABŞ arasında tarif razılaşması əldə olunsa belə, heç kim zəmanət verə bilməz ki, ABŞ prezidenti yenidən fikrindən daşınmayacaq. İki ən böyük iqtisadiyyat arasında mövcud ticarət müharibəsi, xüsusilə də digər böyük iqtisadi güclərin potensial səhv hesablamalarını nəzərə alaraq, lazımi qaydada cəmləşdirilməsə, bu, qlobal böhran üçün zəmin yarada bilər. Bir çox ölkələr üçün böyük miqyaslı ziyan, real dünya münaqişəsinin fon təhlükəsi kimi, demək olar ki, qaçılmaz olar. Bir çox ağıllı strateqlərin xəbərdarlıq etdiyi kimi, qarşıdakı hadisələr məhz davam edən regional münaqişələr və bəlkə də dünya müharibəsi ilə eyni həddə təlatümlü ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə