Azərbaycanın 3 maddi, 13 qeyri-maddi mədəni irsi UNESCO siyahısında - NƏTİCƏLƏR

Azərbaycanın 3 maddi və 13 qeyri-maddi mədəni irs nümunəsi UNESKO-nun siyahısında

Məlumat üçün xatırladaq ki, ölkəmiz 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib.1996-cı ildə UNECKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ötən ilin iyunun 24-dən iyulun 4-dək Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan komitəyə sədr seçilib və bu il ölkəmizin komitənin 43-cü sessiyasına ev sahibliyi etməsi qərara alınıb.

Komitənin Bakı sessiyasında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçirildi. Eyni zamanda, UNESCO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə olundu. Bizim üçün maraqlı və gözlənilən məqamlardan biri də o idi ki, iyulun 7-də sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək. Həmin gün, əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) qeyd edilən nominasiya ilə bağlı hesabatı dinlənildi. Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən nominasiyanın müzakirə olunduğu diqqətə çatdırıldı. Sonra müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala və Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasını məqsədəuyğun hesab etdilər. Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Beləliklə, Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi ümumdünya irsi hesab olundu. Bununla da Dünya İrs Siyahısına daxil edilən maddi irs nümunələrimizin sayı üçə çatdı. Fəxrlə deyə bilərik ki, hazırda Azərbaycanın 3 maddi və 13 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahılarında yer alır.

Dünənin, bu günün və sabahın tarixi - Şəki Xan Sarayı

Qazandığımız bu uğur - Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi. Bəli, dövlət başçımızın dediyi kimi, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunacaq. “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Bakı sessiyası: 29 nominasiya, 45 qərar

Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın tarixində olduqca mühüm hadisədir. Bu prosesin asan başa gəlmədiyini qeyd edən sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə bildirdi ki, altı ildir Azərbaycandan ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdi. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmayıb. Lakin ölkəmizin gətirdiyi sübutlar və dövlətimizin başçısının məsələ ilə bağlı imzaladığı Sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynayıb. Braziliyanın UNESCO-dakı daimi nümayəndəsi Mariya Edileuza vurğuladı ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək onun üçün şərəf idi. Bu mədəni irs nümunəsinin Ümumdünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir. Bu münasibətlə xalqımızı təbrik edən qonaq, bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib.

“Qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”, - deyə o, əlavə edib.

Omanın UNESCO-dakı nümayəndəsi Samira əl-Musa Şəki şəhəri ilə bağlı nominasiyanın Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə xalqımızı təbrik edərək qeyd etdi ki, bu, Azərbaycanın tarixi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük uğurdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...