İkinci Dünya müharibəsinin Azərbaycan həqiqətləri

XX əsrdə baş vermiş İkinci Dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi. Müharibə dövründə 10 milyonlarla insan həlak oldu, döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə milyonlarla hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoyuldu. Onu da bildirək ki, tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci Dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon göstərən də. Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub. Bu müharibə dünya siyasətinin dönüş nöqtəsi kimi xarakterizə olunur. İkinci Dünya müharibəsi kifayət qədər sərt başladı. Keçmiş SSRİ də bu müharibənin qaynar nöqtəsinə çevrildi.

1941-ci ilin iyunun 22-də faşist Almaniyası keçmiş Sovet İttifaqına hücum etdi. Bu müharibə imperiyaya daxil olan xalqlar tərəfindən xilaskar, ədalətli və müharibəyə çevrildi. Bu baxımdan, müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən, Azərbaycan xalqı müharibəyə qoşuldu. Həmin illərdə sovet imperiyasının tərkibinə daxil olan ölkələr son dərəcə çətin və məsul vəzifəsini yerinə yetirməli idi. Tarixdən məlum olan sənədlərə əsasən, faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən, Azərbaycana xüsusi diqqət yetirilirdi. Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Alman faşizmi Bakını işğal edib, onun neftini öz şirkətlərinin sərəncamına verməli idi. Artıq bu plan üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hərbi məntəqəyə çevrilməsi ilə bağlı qərar da çıxarılmışdı.

SAVAŞDA AZƏRBAYCANIN MÜSƏLLƏH ƏSGƏRLƏRİ

Təbii ki, XX əsrin ən dəhşətli səhifəsi hesab edilən İkinci Dünya müharibəsi Azərbaycan üçün çoxlu qurbanlarla sona yetmiş olsa da, bu müharibə dünyada misli görünməmiş qələbə ilə başa çatdı. 9 may - alman faşizmi üzərində Qələbə tarixidir. Həmin tarixdən düz 79 il ötür. Elə də qısa zaman deyil. Gör neçə bahar, qış ötüb. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş azərbaycanlıların qəhrəmanlığı, şücaəti yaddaşlarda həmişə yaşayır. Qürurlanırıq ki, minlərlə vətən oğlunun İkinci Dünya müharibəsindəki qəhrəmanlığı müxtəlif xalqlar tərəfindən öyrənilir və xalqımıza məxsus ərənlik bir nümunəyə çevrilib. Müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi əlbəttə ki, bu savaşda Azərbaycan oğullarının rolunun böyük və əvəzsiz olduğunu göstərməklə yanaşı, igidliyindən də söz açır. Əlbəttə ki, müharibədə Azərbaycanın müsəlləh əsgərləri silaha sarılaraq alman faşistləri ilə üz-üzə dayandılar. Gərgin bir döyüş yolu keçdilər. Müharibə başlanandan keçən qısa müddət ərzində, Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi, respublikanın 700 mindən çox oğlan və qızları cəbhəyə yola salındı. Onların təxminən yarısı döyüş meydanlarında həyatlarını itirdilər. 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edildi.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər şəhərlərin düşməndən azad edilməsində rəşadət göstərmiş oldular. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etdilər. Xatırladaq ki, Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziyası da var idi. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində qeyd edib ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib: "Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb". Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqlənib. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak olub. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri olublar.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ BAKI NEFTİ

Bu tarixi Qələbədə Azərbaycanın, onun övladlarının rolu və neftinin əhəmiyyəti böyükdür. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının istifadə etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşlar həyata keçirən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynadı. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərərək, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəallıq göstərdi. 1941-1945-ci illərin alovunu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq, gündəlik tələbat və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək, bu meydanda fəal iştirak etdi. Bakıda - indiki Səttərxan adına zavodda müharibə üçün silah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu", "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi.

Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə dediyi fikri xatırlatmaq yerinə düşər: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq". Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. Buna baxmayaraq, 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi və bu qərara əsasən 1942-ci ilin sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi.

"İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ XİDMƏTİ, FƏALİYYƏTİ, ROLU ÇOX BÖYÜK OLMUŞDUR"

Azərbaycanda hazırda İkinci Dünya müharibəsi veteranları yaşayır. 9 may-faşizm üzərində qələbədən 79 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var, müharibənin canlı şahidləridirlər. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getmələri, fədakarlıqları və ərənlikləri yaddaşlardan, tariximizdən heç vaxt silinməyəcək. Müharibədə od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur", - deyən Dahi Öndər Heydər Əliyev müharibə veteranlarını "Xalqımızın Qızıl Fondu" adlandırırdı.

Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. "Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik", - deyən dövlət başçısı Azərbaycanda veteranların diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.

HEÇ KİM UNUDULMUR

Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarinin rolu əvəzsiz olmuşdur. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xüsusi qayğının növbəti təzahürüdür. Prezident İlham Əliyevin Sərəncamına əsasən, İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar birdəfəlik yardım ödənilir. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat birdəfəlik maddi yardım ödənilir. Həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım verilir.

Sərəncamın ümumilikdə 3 minə yaxın şəxsə şamil olunur. Onlardan 30-u İkinci Dünya müharibəsi iştirakçılarıdır. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya müharibəsində od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına da Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin imzaladığı məlum Sərəncam Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti təzahürüdür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə