NATO Rusiyanın strateji aviasiyasındakı itkiləri təsdiqləyib...

Məhv edilmiş və zədələnmiş təyyarələrin siyahısı açıqlanıb...

Belə görünür ki, bu əməliyyatla bağlı hələ çox danışılacaq..?ə

...Deməli, “Hörümçək toru” kod adlı əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanları Rusiya strateji aviasiyasının 40-dan çox bölməsini sıradan çıxarıb, onlardan 10-13-ü tamamilə məhv edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə DW NATO-nun yüksək səviyyəli nümayəndəsinin bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, zədələnmiş və məhv edilən təyyarələr arasında 15 “Tu-95” strateji bombardmançı, 12 “Tu-22M3” və ən azı bir “A-50” erkən xəbərdarlıq təyyarəsi var.

Qeyd edilməlidir ki, Rusiya ordusunda cəmi beş “A-50” təyyarəsi var.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə Rusiyanın 130 strateji təyyarəsi olub: 60 “Tu-22M3” (6500 km-ə qədər), 15 “Tu-160” və 55 “Tu-95” (hər ikisi 10.000 km-ə qədər). Beləliklə, “Hörümçək toru” əməliyyatı NATO-nun Rusiyanın Ukraynanın mülki hədəflərinə hücumlarının “işçi atları” adlandırdığı strateji qanadlı raket daşıyıcılarının 30 faizdən çoxunu sıradan çıxarıb.

...Bu, mülki əhaliyə qarşı müharibədə fəal iştirak edən hədəflərə zərbədir. İşğal başlayandan bəri bu təyyarələr Ukraynanın infrastruktur və yaşayış məntəqələrini vuran 3000-dən çox qanadlı raket atıb.

Deyim ki, bunu alyansın sözçüsü iyunun 4-də Brüsseldə keçirdiyi brifinqdə deyib.

...“The Wall Street Journal” və “Financial Times”-ın Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən yazdığı kimi, “Hörümçək toru” əməliyyatına hazırlıq bir il yarımdan çox davam edib. Birincisi, Ukrayna Təhlükəsizlik Xidməti gizli şəkildə kiçik kvadrokopterləri Rusiya ərazisinə daşıyıb. Daha sonra həmçinin qeyri-qanuni kanallar vasitəsilə dronlar yerləşdirilən xüsusi taxta konteynerlər gətirilib.

Hücumdan dərhal əvvəl bu konteynerlər yük maşınlarına yüklənərək Rusiya aerodromlarına yaxınlaşdırılıb.

Zərbə anı çatanda konteynerlərin qapaqları uzaqdan açılıb və pilotsuz təyyarələr hərbi obyektlərə hücum etmək üçün havaya qalxıb.

İyunun 1-də həyata keçirilən “Hörümçək toru” əməliyyatı tammiqyaslı müharibə başlayandan bəri Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi ən böyük hərbi əməliyyatlardan biri olub.

Rusiyanın dörd bölgəsindəki aviabazalar bir anda vurulub: Murmansk, İrkutsk, Ryazan və İvanovo vilayətlərində... Ukrayna tərəfi daha əvvəl bəyan etmişdi ki, hücum nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin 41 təyyarəsi sıradan çıxıb.

Bu məlumatlar tezliklə “The Moscow Times”-a verdiyi şərhdə NATO-nun yüksək rütbəli nümayəndəsi tərəfindən təsdiqlənib.

O, həmçinin bildirib ki, Şimali Atlantika Alyansı Kremldən cavab addımları gözləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə