Dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği olduqca vacibdir - TƏHLİL

Xalqımızın zəngin dövlətçilik tarixinə malik olması təsdiq edir ki, bizim böyük dövlətçilik ənənələrimiz var. Özünün beş min illik tarixi olan Azərbaycan xalqının fəxr etməyə, bununla qürur duymağa haqqı var və əgər dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətimiz bu qədər zəngindirsə, ələlxüsus da, bu zənginliyə göz dikən, özününküləşdirmək istəyən mənfur düşmənlər varsa, deməli, təbliğ edilməsi də vacibdir.

Dünyada heç də bütün xalqlar öz mövcudluğu dövründə, yəni, tarix boyu dövlət qura bilməyiblər. Bu isə o deməkdir ki, onların dövlətçilik tarixindən heç söhbət belə gedə bilməz. Elə xalqlar vardır ki, onlar üçün dövlətçilik əlçatmaz arzu olaraq hələ də qalıb. Məsələ burasındadır ki, bir çox xalqlardan fərqli olaraq, xalqımızın böyük dövlətçilik tarixi var və bunun özü böyük xöşbəxtlikdir və bu bizim üçün qürurvericidir. Bütün dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan xalqının tarix boyu zəngin dövlətçilik ənənələri olub və bu ənənələr dövrümüzə qədər qorunub saxlanılıb. Bu gün həmin ənənələrin nə demək olduğunu hər kəs çox yaxşı görür. Görür ki, xalqımız öz dövlətçilik tarixinə, ənənələrinə nə dərəcədə sadiqdir və həmin ənənələr bizi daim qələbələrə, uğurlara aparır.

Tarix boyu Azərbaycan xalqına məxsus olan dövlətçilik ənənələrinin olması ilə bağlı kifayət qədər məlumatlar var. Xalqımızın hələ eramızdan əvvələ təsadüf edən dövlətçilik ənənələri belə salnamələrdə öz əksini tapmaqdadır. Bir çox kitabələrdə də bizə məxsus olan dövlətçilik ənənələri ilə bağlı geniş məlumatlar var. Bəli, dövlətçilik ənələrimizlə bağlı tarixin yaddaşında qalan kifayət qədər məlumatlar mövcuddur. Manna, Midiya, Atropatena kimi dövlətlərin misalında görürük ki, ölkəmizin ərazisində çox qüdrətli dövlətlər olub və onların tarixi də çox qədim zamanlara təsadüf edir. Məsələn, eramızdan əvvəl IX – VI əsrlərdə mövcud olmuş Manna dövləti məhz eramızdan əvvəl III-II minillikdə bu regionda mövcud olan Kuti, Lulubi, Turukki tayfalarının, digər tayfa ittifaqlarının varisi sayılır. Manna dövlətinin, eləcə də onun hökmdarı Udakinin adı mixi yazılı mənbələrdə ilk dəfə eramızdan əvvəl 843-cü ildə III Salmanasar kitabəsində çəkilir. Eramızdan əvvəl 615-613-cü illərdə Manna dövləti Midiyaya birləşdirildi və həmin dövlət haqqında da tarixi məlumatlar var, hansıki, bu məlumatlar Azərbaycan ərazisində yaşayan xalqların siyasi müstəqilliyini qoruyub saxladıqlarını göstərir. Bu dövlət haqqında, məhz Midiya dövləti barəsində tarixin atası sayılan Heredota da məxsus fikirlər var və bu, günümüzdə tarixçilərin əksəriyyətinə bəllidir. Elə məhz Atropatena haqqında da kifayət qədər məlumatlar, məsələn, antik müəlliflərdən olan Plutarx, Ammian Marselin qeydlərində öz əksini tapır. Sözsüz ki, eramızın əvvəllərində, ortalarında da bizə, xalqımıza məxsus Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər, Rəvvadilər, sonralar isə Atabəylər, Qaraqoyunlular və Ağqoyunlular kimi dövlətlərin olduğu bəllidir. Bu sadalanan dövlətlər haqqında olduqca geniş məlumatlar mövcuddur və dünya tarixçiləri üçün də sirr deyil. Ümumiyyətlə, xalqımıza məxsus olan dövlətçilik ənənələrinin nə dərəcədə zəngin olduğu barədə fikirlər bildirmək üçün yetərincə tarixi faklar var ki, bunu bütün dünya ictimaiyyəti belə etiraf etməkdədir.

Təkcə tarixi faktlar deyil, şifahi xalq ədəbiyyatından tutmuş, dövrümüzə qədər gəlib çatan bəzi ədəbiyyat nümunələrində də bizə məxsus olan dövlətçilik tarixinin, dövlətçilik ənənələrimizin izlərini görmək olur. Məsələn, “Kitabi Dədə Qorqud” dastanında bizə, xalqımıza məxsus olan dövlətçilik ənənələrinə davamlı olaraq rast gəlirik. Həmin dastan xalqımızın zəngin tarix salnaməsi və söz abidəsi sayılır. Ulu Öndərimiz Heydər Əliyev haqlı olaraq bu kitabı "Xalqımızın ana abidəsi" adlandırmışdı. “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır... “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət - bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”, deyə Ümummilli Lider Heydər Əliyevin bəyan etməsi özü də bizə məxsus olan dövlətçilik, vətənpərvərlik ənənələrinin böyük tarixinin olduğunu təsdiqləyir. Dastanda Azərbaycan dövlətçiliyinin təşəkkülünün sosial-iqtisadi prosesləri, dövlətçilik və idarəetmə formaları, türk dövlət quruluşu, dövlət rəmzləri və sairlər barədə yetərincə məlumat vardır. Haqlı olaraq, bu dastan xalqımızın tarixi və tarixi coğrafiyası, milli-etnik varlığımızın tarixi ədəbi ensiklopediyası adlandırılır.

Sözsüz ki, xalqımızın dövlətçilik tarixi ilə bağlı kifayət qədər danışmaq, nümunələr gətirmək, sadalamaq mümkündür və bunun üçün əsaslar da olduca çoxdur. Deməli, bizim xalqımızın zəngin dövlətçilik tarixinin olduğunu bildirməkdə hər birimiz haqlıyıq. Əlbəttə ki, belə bir zəngin dövlətçilik tarixinin olması fonunda, məhz zəngin milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin olması da təkzibedilməzdir. Bununla bağlı da tarixi qaynaqlarda kifayət qədər məlumatlar var. Hələ dövrümüzə qədər gəlib çatan mədəniyyət abidələri belə mövcuddur, saysız-hesabsızdır və bunların da bizə məzxus olması ilə qürur duyuruq. Eyni zamanda, dövrümüzə qədər gəlib çatan adət-ənənələrimiz var və bunların bizə, bizim xalqımıza məxsus olması ilə fəxt etməliyik, edirik də. Çünki bunların hamısı bizim tariximizin, mövcudluğumuzun nə qədər qədim köklərə dayandığının, gedib çatdığının birbaşa sübutudur. Bax məhz bunları qorumaq, bizə miras qalanların keşiyində dayanmaq, eyni zamanda təbliğ etmək ən vacib sayılır.

Bilirik ki, haylar, hay tayfaları Cənubi Qafqaza köçürüləndən, yerləşdiriləndən sonra bir çox xalqlar kimi, ələlxüsus bizim xalqımıza məxsus olanlara sahib çıxmaq üçün üzün müddətdir ki, dəridən-qabıqdan çıxırlar. Ərazilərimizi öz əraziləri, adət-ənənələrimizi öz ənənələri, mədəniyyətimizi öz mədəniyyətləri kimi dünya ictimaiyyətinə sırımağa çalışan ermənilər hər vasitəyə əl atmaqda mahir olduqlarını artıq sübut ediblər. Ötən əsrin sonlarında bizə, xalqımıza, dövlətimizə məxsus ərazilərə məhz ərazi iddiası ilə soxulan ermənilər işğalçılıqla, qəsbkarlıqla bütün beynəlxalq normaları, insanlıq normalarını, beynəlxalq hüququ ayaqlar altına atmaqla kifayətlənmədilər və bizə məxsus olanların hamısına sahib çıxmaq üçün bütün bəd əməllərə əl atdılar. Əvvəlcə etnik təmizləməyə əl atan ermənilər, bunun ardınca ərazilərimizdə yer və toponim adlarını dəyişməyə başladılar, ardınca da mədəniyyət abidələrimizi, hətta qəbir daşlarımızı belə məhv edərək yerində guya özlərinə məxsus olanları yalandan göstərməyə başladılar. Ədəbiyyatımıza, müsiqimizə, milli mətbəximizə və ümumiyyətlə, bizə, xalqımza məxsus olan hər şeyə əl uzatmaqla, özlərinə məxsus olduğunu göstərməyə çalışmaqla nəyə nail olmaq istədiklərini açıq-aşkar göstərdilər. Deməli, elə bu məqam özü onu deməyə əsas verir ki, biz özümüzə məxsus olanı nəinki qorumalıyıq, həmçinin təbliq də etməliyik ki, mənfur düşmənin iyrənc niyyətiləri, arzuları daşa dəysin.

Bəli, biz özümüzə, xalqımıza, dövlətimizə məxsus olan əraziləri, torpaqları qoruduğunuz kimi, milli adət-ənənələrimizi də, mədəniyyətimizi də qorumalıyıq və eyni zamanda, təbliğ etməliyik. Təbliğ etməliyik ki, onların sahibi olduğumuzu bildirək və kimlərinsə məhz bizə məxsus olan dəyərlərimizə sahib çıxmaq niyyətlərinə belə imkan verməyək. Bir sözlə, istər dövlətçilik ənənələrimizi, istər mədəniyyətimizi, istərsə də milli adət-ənənələrimizi qorumaqla yanaşı, təbliğ də etməliyik. Bu isə onu deməyə əsas verir ki, sözün əsl mənasında, dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği olduqca vacibdir...

Müəllif: İnam Hacıyev

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə