Con Kerri Trampı beynəlxalq böhran yaratmaqda təqsirləndirib

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sövdələşməsinə dair qərarı ilə beynəlxalq böhran yaradır, təhlükəsizlik sahəsində milli maraqları və Amerikanın müttəfiqlərinin maraqlarını zərbə altında qoyur. Bu ittiham ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin “Twitter” səhifəsində yer alıb.

“Prezident Donald Trampın qərarı təhlükəlidir və beynəlxalq böhran yaradır. Qərar ABŞ-ın təhlükəsizlik sahəsindəki maraqlarını və yaxın müttəfiqlərinin maraqlarını təhlükə altında qoyur”, - Kerri belə yazıb.

Bununla yanaşı, İranın nüvə proqramı ilə bağlı beynəlxalq saziş üzərində aparılan işdə bilavasitə iştirak etmiş sabiq dövlət katibi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin, ABŞ-ın müttəfiqlərinin və Ağ ev administrasiyası nümayəndələrinin Tehranın sövdələşməyə əməl etməsini təsdiqlədikləri halda, prezidentin bunu niyə qəbul etmədiyini başa düşə bilmir.

“Səbəb nə olur-olsun, reallıq budur ki, prezident sazişin sabitliyini pozaraq mövqeyimizi zəiflədir, müttəfiqlərimizi bizdən uzaqlaşdırır, İran mühafizəkarlarının mövqeyini gücləndirir, KXDR böhranının həllini qəlizləşdirir və bizi hərbi münaqişəyə yaxınlaşdırır”, - deyə Kerri vurğulayıb.

Xatırladaq ki, Donald Tramp oktyabrın 13-də xalqa müraciətində İran tərəfinin nüvə proqramına dair sazişi yerinə yetirməsini təsdiqləməkdən imtina etdiyini bildirib. O, həmçinin terroru dəstəklədiyinə görə Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcəyinə dair vəd verib.

İran Prezidenti Həsən Ruhani isə öz növbəsində ABŞ prezidentinin nüvə sazişi ilə bağlı bəyanatını şərh edərkən, BMT tərəfindən dəstəklənən mühüm beynəlxalq sövdələşməni hər hansı dövlət başçısının təkbaşına ləğv edə bilməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə