“Lufthansa”nın mənfəəti 50 faizdən çox azalıb

“Lufthansa”nın mənfəəti 50 faizdən çox azalıb

Almaniyanın “Lufthansa” aviaşirkətinin mənfəəti cari ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalaraq 383 milyon avroya düşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, buna əsas səbəb İran müharibəsi fonunda aviasiya yanacağının (kerosinin) qiymətinin bahalaşması, eləcə də aprel ayında pilotların bir həftə davam edən tətili olub. Yanacaq xərcləri ötən illə müqayisədə təxminən 750 milyon avro artıb, tətil isə şirkətə əlavə 150 milyon avro zərər vurub.

Bununla yanaşı, “Lufthansa”nın ikinci rübdə gəlirləri 8 faiz artaraq 11,1 milyard avroya çatıb. Şirkət 2026-cı il üzrə əməliyyat mənfəətinin 1,7-2,2 milyard avro arasında olacağını proqnozlaşdırır.

“Lufthansa”nın hava yükdaşımaları və təyyarələrə texniki xidmət sahələrində gəlirləri artıb. Şirkət, həmçinin premium sinfə və Asiya istiqamətlərinə tələbatın yüksək səviyyədə qaldığını bildirib.

Qeyd edək ki, İran müharibəsi və Hörmüz boğazında yaranmış məhdudiyyətlər qlobal aviasiya sektoruna ciddi təsir göstərir. Son həftələrdə “IAG”, “Air France-KLM”, “EasyJet”, “American Airlines” və “Ryanair” də mənfəətlərinin azaldığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə