Avropa siyasi elitasının bir sıra nümayəndələri Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Baş nazir Nikol Paşinyanı təbrik ediblər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa Şurasının Prezidenti António Kosta Vətəndaş Müqaviləsi Partiyasının seçkilərdə əldə etdiyi uğur münasibətilə Nikol Paşinyana təbrik ünvanlayıb. O, sosial şəbəkə hesabında paylaşdığı mesajda Ermənistan xalqının sülhə, sabitliyə və qonşularla əməkdaşlığa əsaslanan gələcəyə səs verdiyini bildirib. Kosta Ermənistanın dayanıqlılığının, sabitliyinin və rifahının gücləndirilməsində Paşinyanın rolunu yüksək qiymətləndirərək, Avropa İttifaqı ilə Ermənistan arasında enerji, ticarət və rəqəmsallaşma sahələrində əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna da Nikol Paşinyanı və Vətəndaş Müqaviləsi Partiyasını seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib. O bildirib ki, seçkilərin nəticələri Ermənistan xalqının demokratik islahatlara, regional sabitliyə və Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa verdiyi dəstəyi əks etdirir. Nazir əlavə edib ki, Estoniya və Ermənistan arasında son illərdə formalaşan müsbət əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Fransa Prezidenti Emmanuel Makron da təbrik mesajında Paşinyanın seçkilərdəki qələbəsini yüksək qiymətləndirib. O, xalqların rifahı naminə əməkdaşlığın daha da gücləndirilməsinin, Ermənistanın sülh və suverenliyinin qorunmasının, həmçinin Avropa ilə əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fonder Leyen də Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. O, Ermənistanın demokratik inkişaf yolunu davam etdirdiyini qeyd edərək, Avropa İttifaqının Ermənistanla tərəfdaşlığa böyük önəm verdiyini bildirib.
Latviya Prezidenti Edqars Rinkeviçs də Baş nazir Paşinyana təbriklərini çatdırıb. O, Ermənistanın mövcud təhdidlərə baxmayaraq demokratik inkişaf yolunu seçdiyini vurğulayaraq, Latviyanın Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin daha da möhkəmlənməsini dəstəklədiyini qeyd edib.
Parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Ermənistan parlamentinə dörd siyasi qüvvə daxil olub. Vətəndaş Müqaviləsi Partiyası 49,81 faiz səslə birinci olub. Digər yerləri isə müvafiq olaraq Güclü Ermənistan bloku, Ermənistan bloku və Çiçəklənən Ermənistan Partiyası tutub.
Nikol Paşinyan bildirib ki, əldə olunan nəticələr Vətəndaş Müqaviləsi Partiyasına parlamentdə çoxluq formalaşdırmağa və yeni hökuməti qurmağa imkan verəcək.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB