İran: Silah hazırlamaq niyyətimiz yoxdur

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trump və İsrailin Baş naziri Binyamin Netanyahunu yalan danışmaqda ittiham edərək İranın nüvə silahı hazırlamaq niyyətinin olmadığını bir daha bəyan edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran dövlət başçısı ölkənin şimalında yerləşən Sari şəhərində dövlət televiziyasına verdiyi müsahibədə bildirib ki, bəzi siyasətçilər onun da digər siyasətçilər kimi həqiqəti gizlətdiyini düşünə bilər. O qeyd edib ki, dini liderin yalan danışması mümkün deyil və İranın nüvə silahına sahib olmayacağı barədə verilən açıqlama reallığı əks etdirir. Pezeşkian vurğulayıb ki, şəxsi inancları səbəbindən belə bir addım atması mümkün deyil və buna icazə verilmir.

Prezident həmçinin Donald Trampın İranın etiraz aksiyaları zamanı “32 min nəfəri öldürdüyü” barədə səsləndirdiyi iddialara reaksiya verərək bu fikirlərin sübut olunmasını tələb edib. O bildirib ki, rəsmi qurumlar ölənlərin sayını və şəxsiyyət məlumatlarını açıqlayıb və daha yüksək rəqəmlər irəli sürən şəxslər bunu faktlarla əsaslandırmalıdır.

Məsud Pezeşkian əlavə edib ki, ötən ay keçirilən küçə aksiyalarının ABŞ və İsrail tərəfindən dəstəkləndiyini düşünür. Onun sözlərinə görə, həmin hadisələr zamanı 350-dən çox məscid yandırılıb, 300-dən artıq məktəbə hücum edilib. İran Prezidenti bu cür hərəkətlərin adi etiraz aksiyası kimi qiymətləndirilə bilməyəcəyini bildirərək, bəzi xarici qüvvələrin ölkədə siyasi sistemi zəiflətmək məqsədi güddüyünü iddia edib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə