Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Suriyada uran izlərini aşkar edib.
SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi təşkilatın BMT-yə üzv ölkələr üçün hesabatına istinadən məlumat yayıb.
Radioaktiv maddənin ehtimal olunan qalıqları 2007-ci ildə İsrail Müdafiə Qüvvələri tərəfindən bombardman edilən binada olub.
O zaman indi devrilmiş Bəşər Əsədin başçılıq etdiyi ölkə hakimiyyəti Deyr əz-Zorda binanın yerləşdiyi obyekti adi hərbi baza adlandırıb.
2011-ci ildə MAQATE binanın "yüksək ehtimalla" gizli şəkildə tikilmiş reaktor olduğu qənaətinə gəlib və bu barədə Dəməşqin agentliyin müfəttişlərinə məlumat vermədiyi bildirilir.
Hesabatda qeyd olunur ki, ərazidə üç yerdən birindən götürülmüş nümunələrdə "əhəmiyyətli miqdarda təbii uran hissəcikləri" aşkar edilib.
Sənəddə deyilir ki, bu hissəciklərin təhlili uranın antropogen mənşəli olduğunu, yəni kimyəvi emal nəticəsində əldə edildiyini göstərib.
"Təbii" termini uranın zənginləşdirilmədiyini bildirir, Reuters qeyd edir.
Xəbərdə deyilir ki, hazırkı Suriya hökuməti uran hissəciklərinin mənşəyi ilə bağlı heç bir izahatının olmadığını bildirib, lakin iyun ayında yeni hökumət MAQATE-nin yeni nümunələr toplamaq üçün əraziyə yenidən baş çəkməsinə icazə verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə