O kinoda necə deyir: “...az ye, kök adam küt olur”..?

Rusiyada piylənmə sosial əhəmiyyətli xəstəlik statusu ala bilər

...Deputatlar hesab edirlər ki, Rusiya vətəndaşları arasında bu xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir Rusiyada piylənmə problemi geniş vüsət alır. Səhiyyə naziri Muraşkonun səsləndirdiyi məlumatlara görə, təkcə ötən il ölkədə 40 milyona yaxın insan və ya bütün əhalinin 27 faizi artıq çəkidən əziyyət çəkirdi.

Bütün bunlar həmin insanların sağlamlığına mənfi təsir göstərir.

Dövlət Duması artıq həyəcan təbili çalır və bu xəstəliyə qarşı mübarizəyə yönəlmiş bir sıra tədbirlərin görülməsini təklif edib.

“İzvestiya”nın yazdığı kimi, deputatlar Rusiyada piylənmənin sosial əhəmiyyətli xəstəliklərlə, o cümlədən şəkərli diabet, HİV, cinsi yolla keçən infeksiyalar, bədxassəli yenitörəmələr, vərəm, B və C hepatitləri, psixi və davranış pozğunluqları, həmçinin yüksək qan təzyiqi ilə xarakterizə olunan xəstəliklərlə eyniləşdirilməsini təklif ediblər.

Bu təklif təsdiqlənərsə, Səhiyyə Nazirliyinə artıq çəkidən əziyyət çəkən xəstələrin mütəmadi olaraq tibbi müayinədən keçirilməsi və monitorinqinin aparılması tövsiyə olunacaq. Gənclər arasında piylənməyə xüsusi diqqət yetirilməlidir.

Bu məqsədlə məktəb bufetlərinin menyusuna yenidən baxılması təklif olunur. Əslində problem ciddidir və söhbət heç estetikadan da getmir.

Məhz piylənmə diabet və onkologiya kimi digər və daha ciddi xəstəliklərə səbəb olur.

Artıq çəkisi olan qadınlar uşaq sahibi ola bilməzlər. Bu fenomenin bir çox səbəbi var, o cümlədən qeyri-sağlam yemək yemək, oturaq həyat tərzi və s.

Piylənmənin sosial əhəmiyyətli xəstəliklər siyahısına daxil edilməsi ictimaiyyətin diqqətini bu problemə cəlb edəcək. Eyni zamanda müasir effektiv müalicə üsullarına da imkan yaranacaq. Yaxşı fikirdir, heç kim mübahisə etmir. Amma rus balerina Maya Plisetskayanın dediyi kimi, kökəlməmək üçün daha az yemək lazımdır. Hamısı budur...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə