Putin SSRİ-nin qaz uğurlarını sildi...

"Qazprom"un Avropaya ixracı yarım əsrdə “dibə” vurdu...

Rusiya sovet dövründən dominantlıq etdiyi Avropa qaz bazarında öz yerini itirməkdə davam edir.

SİA-nın məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında “Qazprom” qalan Avropa müştərilərinə 9,93 milyard kubmetr qaz nəql edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə, “Qazprom” Avropaya 18,3 milyard kubmetr satıb, həcmlər demək olar ki, iki dəfə azalıb.

Avropa bazarına hər ay orta hesabla 1,4 milyard kubmetr qaz göndərilirdi və bu temp davam edərsə, ilin sonuna qədər “Qazprom” Avropa ölkələrinə cəmi 17 milyard kubmetr qaz ixrac edəcək ki, bu da 1970-ci illərin əvvəllərindən bəri yeni antirekord olacaq.

Müqayisə üçün: 1975-ci ildə SSRİ-dən Avropa qazının ixracının həcmi ildə 19,3 milyard kubmetr, 1980-ci ildə isə Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra artıq 54,8 milyard kubmetr təşkil etmişdir.

Müharibədən əvvəlki 2018-2019-cu illərdə Qazprom Avropaya ildə 170-180 milyard kubmetr qaz nəql edirdi. Ukraynanın işğalından sonra bu həcmlər 2023-cü ildə 28 milyard kubmetrə, 2024-cü ildə isə 32 milyard kubmetrə düşüb. 2025-ci ilin əvvəlindən “Qazprom” Ukrayna ərazisindən tranzitini itirib. “Türk axını” ilə tədarük illik müqayisədə 7 faiz artsa da, bu, ildə 140 milyard kubmetrdən çox ötürmə qabiliyyətinə malik Ukrayna boru kəmərinin olmamasını kompensasiya etmək üçün kifayət etmədi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə