Tramp Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO Dövlət və Hökumət Başçıları Zirvəsi üçün səfərdə olduğu Haaqada Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla görüş keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Admnitrasiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan görüşdə enerji və investisiya başda olmaqla iki ölkə arasında müxtəlif sahələrdə böyük potensial olduğunu, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin ümumilikdə 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmağı asanlaşdıracağını bildirib.

Türkiyə lideri Trampın səyləri ilə İsrail və İran arasında əldə olunan atəşkəsi məmnunluqla qarşıladığını, bunun davamlı olmasını arzuladığını, Qəzzadakı humanitar faciənin tezliklə sona çatdırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün yaxın dialoqun əhəmiyyətini vurğulayıb.

Hər iki lider NATO-nun aparıcı müttəfiqləri olaraq Alyansın çəkindirici gücünün gücləndirilməsi istiqamətində atılacaq addımların əhəmiyyətinə diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə