İsrail hakimiyyəti HƏMAS-ın fevralın 22-i şənbə günü azad edəcəyi altı girovun adını açıqlayıb. SİA bu barədə İsrailin “Girov və itkin düşmüş şəxslərin ailələrinin forumu” ictimai təşkilatının bəyanatına istinadla xəbər verir.
"Forum Eliya Koen, Tal Şoham, Ömər Şem Tov, Ömər Venkert, Hişam əl-Səid və Avera Mengistunun bu şənbə günü vətənə qayıtmasını böyük sevinclə qarşılayır", - bəyanatda deyilir.
Fəallar həmçinin qeyd ediblər ki, daha 4 girovun qalıqlarının cümə axşamı, fevralın 20-də qaytarılacağını kədərlə öyrəniblər.
Fevralın 18-də Qəzza zolağındakı hərəkatın rəhbəri Xəlil əl-Haya HƏMAS hərəkatının 6 canlı girovu fevralın 22-i şənbə günü azad edəcəyini açıqlayıb.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə