Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyada terrora icazə verilməməli olduğunu bildirib.
Səudiyyə Ərəbistanının "Asharq News" televiziya kanalına verdiyi açıqlamalarda Hakan Fidan Suriyada sabitliyinin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Suriyada terrorizmə yer olmadığını ifadə edən nazir yeni rəhbərlikdən gözləntilərə dair bunları deyib: "Suriyadakı yeni rəhbərliyin artıq bölgə üçün təhdid təşkil edən bir quruluşda olmaması, DEAŞ və PKK başda olmaqla terrorizmə heç bir şəkildə yer verilməməsi, ölkədəki azlıqlara yaxşı münasibət göstərilməsi, inklüziv bir hökumətin qurulması, ölkənin ərazi bütövlüyü və siyasi suverenliyinin tam şəkildə təmin edilməsi kimi şərtlər üzərində beynəlxalq ictimaiyyət və bölgə ölkələri olaraq razılığa gəldik və bu tələblərimizi Suriya rəhbərliyinə çatdırdıq. Hal-hazırda hansı tərəf gedirsə getsin, eyni şeyləri danışırıq. Bizim Suriyadan gözləntimiz budur. Əslində, əvvəlki rejimdən də bunu gözləyirdik."
SİA-nın məlumatına görə, Xarici işlər naziri Hakan Fidan silahlı qrupların vahid bir ordu çətiri altında birləşməli olduğunu bildirib və Türkiyənin Suriyada ona yaxın olan qruplara milli orduya qatılmaları üçün çağırış etdiyini xatırladıb. O, Qəzzadakı atəşkəsdən də danışaraq bunun yalnız bir başlanğıc olduğunu vurğulayıb və "Fələstində faciənin sona çatması üçün iki dövlətli həll dərhal həyata keçirilməlidir" ifadəsini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə