ABŞ-ın Rusiyadakı səfiri həbsdə olan jurnalist Qerşkoviçə baş çəkib
ABŞ-ın Moskvadakı səfiri Linn Treysi bazar ertəsi Rusiya hakimiyyəti tərəfindən casusluqda ittiham olunan “Wall Street Journal”-ın əməkdaşı Evan Qerşkoviçə istintaq təcridxanasında baş çəkib.
SİA-nın əldə etdiyi məlumata görə, Qerşkoviç hələ də ittihamları rədd edir.
Qeyd edək ki, bu, səfirin mart ayında həbs olunduqdan sonra Qerşkoviçlə üçüncü görüşüdür.
Treysi, jurnalistin yaşadığı şəraitə baxmayaraq, sağlam olduğunu və ağlını qoruduğunu bildirib.
ABŞ səfirliyinin hesabatlarında Qerşkoviçin mümkün mübadiləsi ilə bağlı danışıqların hansı mərhələdə olduğu göstərilmir. Əvvəllər belə danışıqların aparılması faktını ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təsdiqləsə də, problemin həlli üçün hələlik dəqiq bir yol olmadığını dəqiqləşib.
Qeyd edək ki, əgər Qerşkoviç Rusiya məhkəməsi tərəfindən təqsirli bilinərsə, bu halda o 20 ilədək həbs cəzası ala bilər.
Yeri gəlmişkən xatırladaq ki, “Wall Street Journal”-ın əməkdaşı Evan Qerşkoviç martın 29-da Yekaterinburqda saxlanılıb və ertəsi gün Moskva məhkəməsi onu Lefortovo istintaq təcridxanasına göndərib.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti iddia edir ki, Qerşkoviç ABŞ-ın sifarişi ilə hərbi sənaye kompleksinin müəssisələrindən biri ilə bağlı məxfi məlumatlar toplayırmış.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB