Türklərlə ərəblər Ukrynadan Rusiyaya aparılan azyaşlılara qahmar çıxır...

Ər-Riyad və Ankara ukraynalı uşaqların Rusiyadan çıxarılması ilə bağlı danışıqlar aparır
Türklərlə ərəblər Ukrynadan Rusiyaya aparılan azyaşlılara qahmar çıxır...

Səudiyyə Ərəbistanı və Türkiyə Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılması ilə bağlı saziş bağlamağa çalışır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, danışıqlar bir neçə aydır ki, gedir. Qəzet yazır ki, vasitəçi ölkələr Ukrayna və Rusiya üçün kompromis sazişi tapmağa çalışırlar.

Ər-Riyad və Ankara ümid edir ki, onların münaqişə tərəfləri ilə kommunikasiyaları potensial sülh danışıqları və müharibənin dayandırılması üçün kanallara çevrilə bilər.

Deyilənlərə görə, müzakirələrdə Moskvanın qeyri-rəsmi nümayəndəsi kimi rusiyalı iş adamı Roman Abramoviç də iştirak edir.

Rusiya və Ukrayna rəsmiləri əsirlərin mübadiləsi və ya atəşkəs haqqında keçmiş danışıqlardan fərqli olaraq, razılaşmanı bir-biri ilə birbaşa müzakirə etmirlər. Ona görə də bu, ukraynalı uşaqların repatriasiyası prosesinin mürəkkəbliyini vurğulayır.

Danışıqların gedişi ilə tanış olan diplomatın sözlərinə görə, Səudiyyə Ərəbistanı iyun ayında Kopenhagendə keçirilən G20 ölkələrinin qapalı iclasında Kiyevin nəzarətində olmayan ərazilərdən didərgin salınmış ukraynalı uşaqlarla bağlı məsələ qaldırıb.

Mənbənin sözlərinə görə, Qərb ölkələri Ər-Riyadın ukraynalı uşaqların vətənlərinə qaytarılması ilə bağlı danışıqlarda gələcək iştirakını dəstəkləyib.

Yeri gəlmişkən, bu gün Ukrayna tərəfi Rusiyanın 20 minə yaxın ukraynalı azyaşlı uşağı öz ərazisinə apardığını bildirir. Yale Humanitar Laboratoriyası isə müharibə zamanı ən azı 6000 ukraynalı uşağın Rusiyaya köçürüldüyünü deyir. Maraqlıdır ki, Moskva bunlardan fərqli olaraq daha kiçik rəqəm göstərir.

Qeyd edək ki, tərəflərdən heç biri ölkədən çıxarılan uşaqların mərkəzləşdirilmiş qeydini aparmayıb. Ona görə də tam hesablama aparmağı çətindir.

“Financial Times”ın mənbələri, Rusiyaya aparılan ukraynalı uşaqları qondarma vətənpərvərlik dərslərinə yazdırıldıqları, onlara Ukrayna millətinin heç vaxt mövcud olmadığı, Moskvanın “nasizmə qarşı müharibə” apardığı barədə nəsnələr öyrədildiyini bildirir.

Amma Moskva, həmişə olduğu kimi, bu dəfə də bütün ittihamları rədd edir.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın Ukrayna uşaqlarının Kiyevin nəzarətində olmayan Ukrayna ərazilərindən qanunsuz çıxarılmasında şübhəli bilinərək həbs olunmasına order verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə