"Zəngəzuru tanıyaq və tanıdaq" - MÜSAHİBƏ

Qərbi Azərbaycanlı millət vəkili Musa Urudun SİA-ya müsahibəsini təqdim edirik:

- Musa müəllim, ilk olaraq kəndinizlə bağlı xatirələrinizdən danışmağınızı istərdim. Kəndinizdən nə vaxt çıxmısınız?

- Zəngəzur Qərbi Azərbaycanın, ümumiyyətlə, Azərbaycan dövlətçiliyinin tarixində mühüm yeri olan qədim mədəniyyət, dövlətçilik, iqtisadiyyat və ticarət mərkəzlərindən biri olub. Zəngəzur müxtəlif dövrlərdə həm ərazi, həm də idarəçilik baxımından fərqli ölçülərdə olub. Hətta bizim eradan əvvəl bəzi yunan mənbələrində Sünik adlandırılan Sisakan mahalı Göyçə gölü ətrafından Qarabağa qədər uzanan böyük bir ərazini əhatə edib. Amma sonrakı dövrlərdə müxtəlif quberniyaların tərkibinə daxil olub.

Mənim böyüyüb boya-başa çatdığım Urud kəndi yalnız Zəngəzurun deyil, bütövlükdə Qafqazın ən qədim yaşayış məntəqələrindən biri olub. Əlbəttə ki, kəndimizlə bağlı xatirələrim danışmaqla bitməz. 2006-cı ildə mənə yenidən o torpaqları görmək qismət oldu. İrəvanda keçirilən beynəlxalq bir tədbirdə millət vəkili kimi iştirak edirdim. Şərait yarandı ki, Qarakilsəyə, daha sonra isə Uruda getdim. Təəssüf ki, kəndimiz haqqında yaddaşımda yaşatdığım, yuxularımda gördüyüm təəssüratlar tamamilə darmadağın oldu. Çünki kənd dağılmış, miskin bir görkəmə düşmüşdü. Elə bil kəndin əbədi-əzəli türk ruhu uçub getmişdi. Həmin vaxt ilk gəldiyim qənaət bu oldu ki, yurdu vətən edən orada yaşayan insanlardır. Allah qoysa, biz o yurda dönəcəyik. O torpaqlarda yenidən Azərbaycan türkünün səsi, duası, alqışı yüksələcək. Bütün bunları bizə tarixi reallıq söyləyir. Cənab Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasının açılışında söylədiyi fikirlər bizi bu hədəfə daha da yaxınlaşdırır.

- Qeyd etdiniz ki, 2006-cı ildə yenidən kəndinizə getmək imkanınız olub. Bəs, həmin vaxt orada sizə qarşı münasibət necə idi?

- Ermənistan höküməti həmişə riyakar bir siyasət yürüdüb. Həmin dövrdə də ortaya riyakar xalq diplomatiyası deyilən bir oyun atmışdı. Bu diplomatiyanın məqsədi bizim artıq Qarabağın işğalı ilə barışmağımızı, o torpaqların ermənilərə məxsus olduğunu qəbul etməyimizi və icmalar arasında danışıqlar apararaq münasibətləri yumşaltmağımızı təmin etmək idi. Amma mən orada sərt bir münasibət görmədim. Buna baxmayaraq istər İrəvanda, istər Qarakilsə və ya Urudda bizi mühafizə edirdilər. Görünürdü ki, hər hansı bir terrora, təxribata qarşı ehtiyatlanma var idi. 2021-ci ildə İrəvana gedəndə isə orada artıq ritorika dəyişmişdi. Hətta bizə oteldən kənara çıxmağa icazə vermirdilər. İclasın baş tutduğu parlament binasına da xüsusi, bəlkə də bir qədər teatrallaşmış mühafizə ilə aparılırdıq. Erməni cəmiyyəti bizə qarşı aqressivləşmişdi. Çünki ondan öncə cənab Prezident İlham Əliyev Xocalı qatillərini haqlı olaraq faşist adlandırmışdı. Orada da bizə sual verdilər ki, sizin prezidentiniz bizə niyə faşist deyib. Mən də cavab verdim ki, Xocalı qətliamını törədənlərə başqa nə ad vermək olar. Bir gecənin içində minlərlə insanı qətlə yetirmək elə faşistlikdir. Ümumiyyətlə, Ermənistan hökuməti heç vaxt səmimi olmayıb, bundan sonra da onlardan heç bir səmimiyyət gözləmək olmaz.

- Cənab Prezident İlham Əliyev də qeyd etdi ki, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıtmaq istəyirik. Bəs sizcə, ermənilərlə birgə yaşayış mümkün ola bilərmi?

- Bunun üçün zaman lazımdır. Eyni zamanda, münasibətləri yumşaltmaq üçün müəyyən addımlar atılmalıdır. Bildiyiniz kimi, Bakı şəhərində minlərlə erməni yaşayır. Əgər ermənilər Azərbaycanda bizimlə birgə yaşaya bilirsə, deməli, bu, mümkündür. Cənab Prezident İlham Əliyev bu günlərdə də davam edən X Qlobal Bakı Forumundakı çıxışında da bu məsələyə toxundu ki, hər bir müharibənin bir əvvəli, davamı və sonu var. Bu son həmişə sülhlə bitməlidir. Dünya təcrübəsində uzun illər davam edən müharibələr olub. Həmin müharibələrin sonunda barışıq da, birgə yaşayış da mümkün olub. Əlbəttə ki, bizim də birgə yaşayışımız mümkündür. Amma bunun üçün gərək, ilk növbədə, hüquqlarımızı həm ermənilərə, həm də beynəlxalq aləmə tanıtmalıyıq.

- 1988-ci ilə kimi artıq bir neçə dəfə deportasiya prosesi baş vermişdi. Bəs, xalqımız buna hazırlıqlı idi?

- Biz heç vaxt hazır olmamışıq. Çünki biz həmişə xoşniyyətli olmuşuq. Biz heç vaxt öz qonşularımıza düşmən kimi baxmamışıq. Bölgənin titul xalq və güclü toplum olduğumuza görə bu münaqişələrə ötəri bir münasibət bəsləmişik. Bu münaqişələr uzaq bir tarixdən başlanır. Bu tarixi münaqişə 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı ilə başladı. Azərbaycan torpaqları iki yerə bölündü. Həmin dövrdə Çar Rusiyası isti dənizə çıxmaq siyasətini bu istiqamət üzərində qurmuşdu. Bu siyasətin qarşısında iki böyük müsəlman imperiyası dayanırdı. Biri Osmanlı səltənəti, digəri isə Qacarlar dövləti idi. Qacarlar dövləti ilə Osmanlı imperiyası arasında xristian buferi yaratmaq Rusiyanın imperialist siyasətinin bir tərkib hissəsi idi. Ona görə də bu iki dövlətlə imzaladığı müqavilələrin hər ikisində, guya ki, o ərazilərdə yaşayan xristian toplumun himayədarı kimi çıxış edən Rusiya, ermənilərin, əslində, Azərbaycan torpaqları olan Rusiya ərazisinə köçürülməsini bəndlərə daxil etmişdi. Rus tədqiqatçısı Şavrov 1911-ci il üçün yazırdı ki, artıq Qafqazda yaşayan bir milyon üç yüz min erməninin bir milyonu yerli əhali deyil, bizim tərəfimizdən bu ərazilərə köçürülüb. Artıq 1905-ci ildən etibarən ermənilər dişlərini göstərməyə başladılar. Müxtəlif illərdə ermənilər Bakıda, Gəncədə, Qubada qətliamlar törətməyə başladılar. Amma o zaman bir nəticə əldə edə bilməmişdilər. Buna baxmayaraq düşmənçilik toxumu səpilmişdi. Ermənilərin Qərbi Azərbaycanda yaşayan həmyerlilərimizə qarşı soyqırım münasibətləri 70 il ərzində həmişə davam edib. Açıq və ya gizli şəkildə deportasiyalar baş tutmuşdu.

Hətta mənim yadımdadır ki, 1988-ci ilin sonlarına qədər bizim orada yaşayan insanlarımız ümidli idilər. Düşünürdülər ki, ara qarışdıranlar var və onlar həbs olunacaq. Sovet hökumətinin ədalətinə inanırdılar. Qovulandan sonra belə qayıdacaqlarına ümid edirdilər. Bu mənada sadəlövhlüyümüz, düşməni tanımamağımız bizə tarixi bir dərs oldu. Bu dərsdən də nəticələr çıxarmaq hər birimizin borcudur.

- Bu hadisələr baş verməmişdən öncə kəndinizdə ermənilərlə qız alıb qız vermək halları yaşanırdımı?

- Mən Zəngəzuru çoxdan tədqiq edirəm. Ora haqqında 5-6 kitabım da var. Araşdırmalar zamanı müəyyən olundu ki, 70 il ərzində bütövlükdə Zəngəzur ərazisində cəmi 50-ə yaxın azərbaycanlı kişi erməni qadınla evlənib. Amma bir nəfər azərbaycanlı qadın belə erməniyə ərə getməyib. Bu, bizim milli kimliyimizə bağlılıqdan irəli gələn bir məsələ idi. Lakin kirvəlik institutu və müəyyən dostluqlar var idi. Bu, bir faktdır. Amma biz o vaxt erməniləri düşmən kimi görmürdük.

- Qərbi Azərbaycanlıların statistikasının aparılması işlərində hansı mexanizmlərdən istifadə oluna bilər?

- Əlbəttə ki, bu məsələdə bütün mexanizmlərdən istifadə olunacaq. Hal-hazırda 1948-1953-cü illər və ondan sonrakı dövrdə deportasiya olunanların statistikası aparılır. Yəqin ki, bu illərdə baş verən deportasiyaların statistikası hazırlandıqdan sonra, ondan əvvəlki dövrün də statistikası aparılacaq. Çünki 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycandan deportasiya olunan insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir fərmanı var. Bu fərmanda zaman-zaman 2 milyona qədər həmyerlimizin Qərbi Azərbaycan torpaqlarından deportasiya olunduğu qeyd olunub. Əslində, mən bu statistikaya başqa cür yanaşıram. Düşünürəm ki, Qərbi Azərbaycanda yaşamaq arzusunda olan hər kəsə bu şəraiti yaratmaq lazımdır.

- Qərbi Azərbaycan İcması bu günə kimi böyük bir irəliləyiş əldə edib. Hətta yaxın zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul olundu. Bəs, sizin bu konsepsiya ilə bağlı hər hansı bir təklifiniz oldu?

- Əlbəttə ki, bu konsepsiyanın hazırlanmasında hər birimiz yaxından iştirak etmişik. Konsepsiyanın əsas müddəaları cənab Prezident İlham Əliyevin dekabrın 24-də olan görüşdəki çıxışı üzərində qurulub. Əsas təkliflərimiz Qərbi Azərbaycana qayıdışın hüquqi əsaslarının hazırlanması, beynəlxalq hüquqla uzlaşdırılmasıdır. Qeyd edim ki, dünyada deportasiya olunan xalqların geri qayıdış platforması var. Burada ilk olaraq yəhudilərin tətbiq etdiyi məşhur 4T prinsipi var. Bu prinsipin əsasını tanınma, tanıtma, təzminat və torpaq mərhələləri təşkil edir. Yəni, ilk növbədə, öz toplumumuz olaraq tanımalıyıq ki, bizi oradan deportasiya ediblər. Bütövlükdə Azərbaycan əhalisi bu həqiqəti bilməlidir. Bu sahədə kifayət qədər işlər görülüb və görülməkdə davam edir. İkinci mərhələ isə bu həqiqətləri dünyaya tanıtmaqdır. Bunun üçün biz Qərbi Azərbaycanla bağlı yazdığımız əsərləri xarici dillərə tərcümə etməli, xarici ölkələrdə müxtəlif konfranslar keçirməli, elmi disbutlar aparmalıyıq. Eyni zamanda, bu məsələnin hüquqi aspektlərini hazırlamalıyıq. Üçüncü mərhələ Ermənistan və dünya birliyi bu həqiqətləri qəbul etdikdən sonra təzminat məsələsini həll etməkdən ibarətdir. Yəni, bu insanlara həm maddi, həm mənəvi xeyli zərər dəyib. Oradan köçən hər bir insan əmlakını, evini, torpağını və hətta qəbir yerlərini qoyub. Ermənistan bütün bunların kompensasiyasını ödəməlidir. Növbəti mərhələ isə öz torpaqlarımıza geri qayıtmaqdır. Yəni, konsepsiya bundan ibarətdir və bununla bağlı planlarımız da var.

- Qərbi Azərbaycan mövzusunu təhsilimizdə necə işıqlandıra bilərik?

- Qərbi Azərbaycan həm bizim tariximizdə, həm coğrafiyamızda, həm də mənəviyyatımızda yaşamalıdır. Bununla bağlı həm ədəbiyyat dərsliklərində hekayələr, şeirlər, povestlər, sinifdənxaric oxular olmalı, coğrafiya dərsliklərində, eyni zamanda tarix kitablarında geniş şəkildə öz əksini tapmalıdır. Xüsusilə də, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər, onun yaratdığı yeni reallıqlar barədə yazılmalı, oxudulmalı və mütləq şəkildə gənc nəsilə çatdırılmalıdır.

- Musa müəllim, siz öz yaradıcılığınızda Qərbi Azərbaycan mövsuzuna necə toxunmusunuz?

- İlk növbədə onu deyim ki, mən həmin hadisələrdən sonra 3 il əlimə qələm ala bilmədim. Emosiyalar qoymurdu nəsə yazmağa. Amma özümdə müəyyən qeydlər aparırdım. Daha sonra artıq geniş şəkildə o yerləri tədqiq etməyə başladım. Demək olar ki, mənim həm şeir, həm də publisistik yaradıcılığımda bu mövzu qırmızı xətlə keçir. Bu mövzuda şeirlərim, poemalarım çoxdur. Hətta mənim sözlərimə bəstələnən mahnılarımız da var. Musiqisi görkəmli bəstəkar Nazim Quliyev, sözləri mənə məxsus olan və Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın ifasında səslənən İrəvan şikəstəsi təzəlikcə ərsəyə gəlib. Aşıqlarımız "Göyçə gölü" havasını ifa etməlidir. İrəvanla, Göyçə gölü ilə bağlı yüzlərlə şeirlərimiz var. Bunlar gündəmə gətirilməlidir. Hesab edirəm ki, bütün vasitələrdən istifadə edərək Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlamalıyıq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə