Kanada mətbuatı Qərbi Azərbaycandan yazıb

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “BMT-yə müraciət Qərbi Azərbaycanın acınacaqlı vəziyyətinə diqqəti artırır” sərlövhəli məqalə dərc olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, bu yaxınlarda Qərbi Azərbaycan icması BMT Təhlükəsizlik Şurasında, BMT Baş Assambleyasında və BMT-nin İqtisadi və Sosial Şurasında qərbi azərbaycanlı qaçqınların acınacaqlı vəziyyəti ilə bağlı problemin qaldırıldığı və beynəlxalq ictimaiyyətə ünvanlanan müraciət yayıb. Müxtəlif mənbələrə görə, bu, Qərbi azərbaycanlıların səsini beynəlxalq aləmdə eşitdirmək məqsədi daşıyan ilk irimiqyaslı sənəd olub.

Qeyd olunub ki, müasir Ermənistan ərazisində yerləşən Qərbi Azərbaycan tarixən Azərbaycanın tərkib hissəsi olub, İrəvan şəhəri və Zəngəzur mahalı ruslar bu bölgəni kütləvi şəkildə ermənilərlə məskunlaşdırmaq qərarına gələnə qədər tarixən Azərbaycan əraziləri olub. Çar Rusiyası və daha sonra Sovet Rusiyası bu əraziləri ələ keçirdikdən sonra azərbaycanlılar ərazidə mərhələli şəkildə həyata keçirilən etnik təmizləməyə məruz qalıblar. Belə ki, 1916-cı ildə İrəvanda 373 mindən çox azərbaycanlı yaşadığı halda, bu rəqəmin 1922-ci ildə cəmi 12 min nəfər təşkil etdiyi, 1988-ci ildə isə 300 mindən çox azərbaycanlının indiki Ermənistan ərazisindən zorla qovulduğu vurğulanıb.

Məqalədə, həmçinin sözügedən müraciətlə yanaşı, bu yaxınlarda Qərbi Azərbaycan icmasının “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyası”nı qəbul etdiyi bildirilib və konsepsiyadan iqtibas gətirilib: “Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə, zorakılıq, soyqırımı, kütləvi qırğınlar və insanlığa qarşı digər cinayətlər dövlət orqanlarının bu qəbildən olan sistemli fəaliyyəti nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə qəddar və şiddətli olub”.

Qeyd olunub ki, Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı başladılan total etnik təmizləmə prosesi insan hüquqlarına və beynəlxalq hüquqa zidd olaraq monoetnik məkanın yaranmasına və ərazi genişlənməsinə xidmət edib. Ermənistan belə irqçi və aqressiv yanaşma ilə nəinki azərbaycanlıları öz tarixi ərazilərindən qovub, həm də Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini işğal edib.

Məqalədə yekun olaraq bildirilib ki, Qərbi Azərbaycan icmasının beynəlxalq ictimaiyyətə ünvanladığı sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması 190-dan çox ölkənin ictimaiyyətini Qərbi Azərbaycan, bu bölgədən qovulmuş soydaşlarımızın taleyi, habelə onların öz doğma torpaqlarına qayıtmaq arzusu barədə məlumatlandırmağa əhəmiyyətli töhfədir.

Bütün xəbərlər Facebook səhifəmizdə