2025-ci ildə hidrogenlə işləyəcək təyyarənin ilk uçuş sınağı olacaq - "AİRBUS" şirkəti

“Airbus” təyyarə istehsalı şirkəti motoru hidrogenlə işləyəcək təyyarəyə inanır və bu istiqamətdə işlərini sürətləndirməyə qərar verib. Avropa təyyarə istehsalçısı “Airbus” bu məqsədlə Fransanın Nant və Almaniyanın Bremen şəhərləri yaxınlığında iki “sıfır emissiya inkişaf mərkəzi” (ZEDC) açacağını bildirib.
SİA xəbər verir ki, bu haqda “Airbus” şirkəti məlumat yayıb. Şirkət bildirib ki, ZEDC-lərin məqsədi sıfır emissiyalı təyyarələri uğurla bazara çıxarmaq və hidrogenlə işləyəcək motor texnologiyalarının inkişafını sürətləndirmək üçün rəqabətli xərclərlə hidrogen çənləri quraşdırmaqdır. Çənlərin dizayn və inteqrasiyası gələcəkdə hidrogenlə işləyəcək təyyarənin performansı üçün çox vacibdir. Bu iki inkişaf mərkəzi bir-birini tamamlayacaq və 2023-cü ilədək maye hidrogen çənləri yaratmaq üçün tam fəaliyyət göstərəcəklər.
Qeyd edilir ki, kerosinlə müqayisədə hidrogendən istifadə daha mürəkkəbdir. Belə ki, hidrogenin mayeləşməsi üçün onu -250 dərəcədə saxlamaq lazımdır. Hidrogenlə işləyəcək təyyarənin ilk uçuş sınağı 2025-ci ilə planlaşdırılır.
Qeyd edək ki, “Airbus” sıfır emisiyalı təyyarə ilə bağlı 3 konsepsiya hazırlayıb və onların motoru hidrogenlə işləyəcək. Bu layihənin reallaşması hava limanlarının böyük miqdarda hidrogen nəqlinə və saxlanmasına imkan verəcək infrastrukturdan asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə