"Xilaskar, yoxsa təhlükə?" - Süni intellektin qarşıdurmalı tərəfləri - MÜNASİBƏT BİLDİRİLDİ

“Süni intellekt (SI) texnologiyaları bu gün artıq təkcə gələcəyin deyil, indiki zamanın da ayrılmaz hissəsinə çevrilib. Hər sahədə səhiyyədən təhsilə, sənayedən ictimai xidmətlərə qədər süni intellektin tətbiqi sürətlə artır. Mən deyərdim ki, bu həm imkanlar, həm də çağırışlar deməkdir”. Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə əsasən SI texnologiyalarının əsas üstünlüklərindən biri sürət və dəqiqlikdir. İnsanların günlərlə edəcəyi hesablamaları saniyələr içində yerinə yetirir, böyük verilənlər bazasında analiz apararaq qərarların daha düzgün verilməsinə kömək edir: ”Bundan başqa, bəzi monoton və təhlükəli işlərin yerinə yetirilməsində insanı əvəz edərək həm məhsuldarlığı artırır, həm də riskləri azaldır. Lakin süni intellektin mənfi tərəfləri də diqqətdən kənarda qalmamalıdır. İlk növbədə, SI sistemləri daxil olan məlumatlara əsaslanaraq qərar verir. Əgər bu məlumatlar natamam və ya qərəzlidirsə, nəticələr də ədalətsiz ola bilər. Məsələn, işə qəbulda və ya kredit qiymətləndirməsində SI alqoritmləri qeyri-bərabər yanaşma yarada bilər. Həmçinin, şəxsi məlumatların qorunmaması və SI-nin nəzarətsiz istifadəsi şəxsi həyatın məxfiliyinə ciddi təhdidlər yarada bilər. Təsəvvür edin ki, bir sistem sizin səhv başa düşülmüş məlumatınıza əsasən sizi riskli şəxs kimi dəyərləndirir və bunu sübut etmək, prosesə etiraz etmək isə hazırkı texnoloji sistemlərdə çox çətindir. Qlobal təcrübə göstərir ki, SI texnologiyalarının təhlükəsiz və etik şəkildə istifadəsi üçün hüquqi və texniki qaydalar zəruridir. Nümunə olaraq Avropa İttifaqının “AI Act” sənədi, ABŞ-ın etika əsaslı texnologiya təşəbbüsləri və Yaponiya kimi ölkələrin tənzimləyici mexanizmləri bu sahədə nümunəvi addımlardır. Azərbaycanda da bu istiqamətdə müsbət addımlar atılır. Artıq süni intellekt üzrə dövlət standartı qəbul edilib ki, bu sənəd SI texnologiyalarının hazırlanması və tətbiqində etik prinsip, şəffaflıq və təhlükəsizliyi əsas tələblər kimi müəyyən edir. Düşünürəm ki, gələcək 10 ildə isə süni intellektin insan həyatındakı rolu daha da artacaq. Ola bilər ki, biz təkcə avtomatlaşdırılmış xidmətlərdən deyil, həmçinin SI ilə çalışan müəllimlərdən, həkim köməkçilərindən, hüquq məsləhətçilərindən, rəqəmsal şəxsi assistentlərdən danışacağıq. Bu isə həm yeni bacarıqların mənimsənməsini, həm də etik və hüquqi çərçivələrin daim yenilənməsini tələb edir. Sonda onu qeyd etmək yerinə düşər ki, süni intellekt nə mütləq xeyir, nə də təhlükə mənbəyidir. Burda əsas məsələ onun necə və hansı məqsədlə istifadə olunmasıdır. İdarə olunan, şəffaf və etik prinsiplərlə işləyən SI texnologiyaları cəmiyyətə böyük fayda gətirə bilər. Əks halda, nəzarətsiz sistemlər sosial ədalətsizliklər və texnoloji asılılıq risklərini dərinləşdirə bilər".

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə