Nissan milyardlarla xərci azaldır…

Honda sövdələşməsi uğursuz olduqdan sonra yeni tərəfdaşlar axtarır

...Honda ilə uğursuz birləşmə danışıqlarından sonra Nissan xərcləri azaltmağa və strateji tərəfdaş tapmağa yönəlmiş yeni antiböhran planı hazırlayır.

SİA-nın məlumatına görə, avtomobil istehsalçısı istehsalı tənzimləmək, model çeşidini sadələşdirmək və işçilərin sayını azaltmaqla 2026-cı maliyyə ilinə qədər 2,59 milyard dollar qənaət etməyi planlaşdırır.

Xərclərin optimallaşdırılmasının böyük hissəsi (1,94 milyard ABŞ dolları) işçilərin maaşları üzrə xərclərin azaldılması hesabına əldə ediləcək.

Proqrama əsasən, Nissan servis mərkəzlərində 1000 yeni iş yeri açsa da, 2500 işçini ixtisar edəcək.

Bundan əlavə, şirkət ABŞ və Taylanddakı zavodlarda istehsalı tənzimləyərək iki il ərzində daha 6500 iş yerini ixtisar edəcək.

Nissan həmçinin yeni modellərin hazırlanmasını sürətləndirməyi və bütün təchizat zəncirlərini sadələşdirməyi planlaşdırır ki, bu da ona xərcləri əlavə 650 milyon dollar azaltmağa imkan verəcək.

Bununla belə, xüsusilə Çin avtomobil istehsalçılarının artan rəqabəti fonunda, uzunmüddətli sağ qalmaq üçün təkcə ixtisarlar kifayət deyil.

Nissan-ın baş direktoru Makoto Uchida etiraf edir ki, şirkətin yeni tərəfdaşa ehtiyacı var və fəal danışıqlar aparır. Mümkün müttəfiqlərdən biri əməkdaşlıqda maraqlı olduğunu bildirən Tayvanın texnologiya nəhəngi Foxconn ola bilər.

Foxconn-un CEO-su Yang Liu bildirib ki, şirkət Nissan-a sərmayə qoymağı düşünür, lakin onun əsas məqsədi Yapon avtomobil istehsalçısının ən böyük səhmdarı Renault ilə ittifaq da daxil olmaqla, texnologiya tərəfdaşlığıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə