Bədii gimnastika üzrə Bakı çempionatı keçiriləcək

Noyabrın 2-dən 3-dək Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə növbəti yerli yarış baş tutacaq. Bu dəfə zərif gimnastlar öz güclərini Bakı çempionu adı uğrunda mübarizədə sınayacaqlar.

SİA xəbər verir ki, sayca 25-ci olan çempionatda Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, AyUlduz Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Sərhədçi” Olimpiya İdman Mərkəzi və Zabrat İdman Klubunun yetirmələri iştirak edəcəklər.

İki gün davam edəcək turnirdə 100-dək gimnastın çıxış edəcəyi gözlənilir. Yarışların ilk günü məhz balaca gimnastların çıxışları ilə əlamətdar olacaq. Belə ki, azyaşlı gimnastlar alətsiz, ip, halqa ilə öz proqramlarını təqdim edəcəklər və günün sonunda onlar fərdi çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Növbəti yarış gününə isə yeniyetmələr start verəcəklər. Onlar da hakimlər qarşısına alətsiz, ip və halqa ilə çıxaraq, yüksək xal almaq üçün çalışacaqlar. Gənclər və böyüklər yaş kateqoriyasına bölünmüş gimnastlar isə halqa, top, gürzlər və lent ilə proqramlarını icra edəcəklər. Beləliklə, turnirin sonunda bütün alətlər üzrə yekun xal əsasında fərdi çoxnövçülükdə fərqlənmiş gimnastlar fəxri kürsüyə yüksələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə