“Zirə” “Astra”ya məğlub olub

“Zirə” “Astra”ya məğlub olub

Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyada yerli “Astra” komandasının qonağı olub.

Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda keçirilən oyunun 31-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar. Rumıniya təmsilçisinin heyətində Aleksandru Yonita fərqlənib. Dörd dəqiqə sonra “Zirə”nin futbolçusu Rəşad Sadiqov hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissənin sonunadək hesab dəyişməyib – 1:1.

“Astra” ikinci hissəyə daha fəal başlayıb. Matçın 55-ci dəqiqəsində Aleksandru Dandea, 74-cü dəqiqəsində isə Antoni Le Tallek “Zirə”nin qapıçısı Anar Nəzirovu məyus ediblər. Qarşılaşmanın qalan dəqiqələrində komandalar təhlükəli vəziyyətlər yaratsalar da, tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, görüş “Astra”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, “Zirə” turnirin birinci təsnifat mərhələsində Lüksemburqun "Differdange" komandasından üstün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə