Ayxan Mamayev: “Bu il karate dünyası idmançımızın rekordu ilə yadda qalıb” AÇIQLAMA
"2016-cı ilin karate üzrə ən önəmli yarışları Avropa və 2 ildən bir keçirilən dünya çempionatı olub. Hər iki çempionatda idmançılarımız uğurla çıxış ediblər". Bunu SİA-ya açıqlamasında karate üzrə milli komandamızın üzvü, Rəfael Ağayevdən sonra Azərbaycanın ən titullu karateçisi Ayxan Mamayev deyib.
O qeyd edib ki, bu il karate dünyası idmançımızın rekordu ilə yadda qalıb: "Mayda keçirilən Avropa çempionatında Rəfael Ağayev 13-cü dəfə qızıl medal qazanıb. Gənclərdən ibarət milli komandanın üzvü Roman Heydərov böyüklər arasında kata yarışlarında ilk dəfə Avropa üçüncüsü olub. Qadınlardan ibarət milli komandamız isə ilk dəfə Avropa çempionu olub.
Oktyabrda baş tutan dünya çempionatından milli komandamız Vətənə bir dəst medalla qaydıb. Rəfael Ağayev özünəməxsus dünya rekordunu yeniləyərək 5-ci dəfə dünya çempionu olub. Dünya çempionatında mən gümüş, Firdovsi Fərzəliyev isə bürünc medala sahib olub.
Beləliklə, 2016-cı ildə milli komandamızın üzvləri dünya və Avropa çempionatlarında ümumilikdə 3 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər. Onu da qeyd edim ki, bu il karateçilərimiz digər yarışlarda da çoxlu medallar qazanıblar".
A.Mamayev gələn il də milli komandamızın uğurlu çıxışlarını davam etdirməyə çalışacağını bildirib: "Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Bakı-2017"ə qədər yanvarda Parisdə keçiriləcək Karate1 yarışında, mayda isə Avropa çempiontında iştirak edəcəyik. Sözügedən yarışlarda mübarizə aparacaq heyətlər hələ ki, məlum deyil. Heyətləri məşqçilər korpusu açıqlayacaq".
İdmançı xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan karateçiləri ölkədən kənar 26 beynəlxaq turnirdə iştirak ediblər. Bu yarışlarda 129 müxtəlif əyarlı medallar qazanılıb. Mükafatlardan 26-sı qızıl, 24-ü gümüş, 79-u isə bürüncdür. Bunlardan başqa, ölkəmizdə ənənəvi "Baku Open" və ilk dəfə Naxçıvan Muxtar Respublikasında müstəqilliyimizin 25 illiyinə həsr olunmuş beynəlxalq turnir təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə