İdmançılarımız “Böyük dəbilqə”nin ilk günündə iki medal qazanıblar

İdmançılarımız “Böyük dəbilqə”nin ilk günündə iki medal qazanıblar

Tümen şəhərində cüdo üzrə "Böyük dəbilqə" yarışına start verilib. SİA-nın məlumatına görə, yarışın ilk günündə millimiz iki medal qazanıb.

Yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ilk qarşılaşmasında özbəkistanlı Doniyor Sultanbəyi məğlub edib. Lakin yarımfinalda o, meydan sahibi Albert Oğuzova uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bu dəfə isə cüdoçumuz digər rusiyalı rəqibdən üstün olub. Sayan Kertek üzərində qələbəyə sevinən İ.Müşkiyev mötəbər turnirin bürünc medalına sahib olub.

Turnirdə 60 kiloqram çəki dərəcəsindəki digər cüdoçumuz Davud Məmmədsoy ilk qarşılaşmasında Albert Oğuzova məğlub olub. Təsəlliverici görüşdə özbəkistanlı Doniyor Sultanbəyə qalib gələn D.Məmmədsoy bürünc medal uğrunda görüşdə meydan sahibi Dmitri Kulikovu da məğlub edərək millimizin aktivinə növbəti medalı yazdırıb.

Qeyd edək ki, 25 ölkədən 124 idmançının (73 kişi, 51 qadın) mübarizə apardığı "Böyük dəbilqə" yarışında Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə