Bu gündən başlayaraq Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin prezidenti Lavrence Probstun dəvəti ilə Amerikaya rəsmi səfərə yola düşən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.
Tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu oyunların dünya idman tarixinə imza atması, ölkəmizdə yaradılmış idman infrasturkturu, yüksək səviyyədə həyata keçirilən təşkilati məsələlər və bundan irəli gələrək Azərbaycanın gələcəkdə daha mötəbər tədbirlərə ev sahibliyi etməsi nazir Azad Rəhimovun rəsmi görüşləri zamanı diqqət mərkəzində olacaq mövzular sırasındadır.
Milli Olimpiya Komitələri Assosasiyasının prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabahla görüşü zamanı A.Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.
Oktyabrın 30-dək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB