Avropa Liqasına hazırlaşan AZAL baxışa üç futbolçu dəvət edib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Nazim Süleymanov serb oyunçular Neboja Skoplyak, Marko Paviçeviç və alban futbolçu Jetmir Sefanı sınaqdan keçirir.
Hər üç futbolçu artıq AZAL-ın məşqlərində iştirak edir. Baş məşqçi onlarla bağlı yaxın günlərdə qərarını verəcək.
Qeyd edək ki, mərkəz müdafiəçisi Neboja Skoplyak 12 may 1987-ci ildə Serbiyanın paytaxtı Belqradda dünyaya gəlib. 1.83 m boyu olan 24 yaşlı futbolçu karyerasına 2006-cı ildə "Radniçki"də başlayıb. 2006-2007 mövsümündə bu komandada 28 oyun keçirən müdafiəçi 2007-ci ildə Belqradın OFK klubuna keçib və indiyədək bu komandada 61 oyun keçirib. O, 2010-cu ildə aşağı dəstə təmsilçisi "Novi Pazar"a icarəyə verilib - 13 oyun, 2 qol.
Marko Paviçeviç 3 sentyabr 1986-cı ildə dünyaya gəlib. 25 yaşlı serb forvard ötən mövsüm "Sloboda"nın formasını geyinib.
Jetmir Sefa 30 yanvar 1987-ci ildə Albaniyanın Vlora şəhərində dünyaya gəlib. 1.78 m boyu olan yarımmüdafiəçi karyerasına yetirməsi olduğu "Tirana"da başlayıb. 2005-2010-ci illərdə bu komandada 106 oyun keçirib, 9 qola imza atan Sefa 2010-cu ildə "Skenderbeu" klubuna transfer olunub - 3 oyun.
Jetmir Albaniyanın bütün yığmalarında çıxış edib. Belə ki, 2003-cü ildə U-17yə (2 oyun), 2005-də U-19-a (3 oyun), 2007-də U-21-ə (8 oyun, 1 qol) çağırılan futbolçu 2009-cu ildən sonra əsas yığmada 2 oyun keçirib.
Sefa 2006-2007 və 2008-2009 mövsümlərində "Tirana"nın heyətində Albaniya çempionu, 2006-da ölkə kubokunun, 2006, 2007 və 2009-cu illərdə Super Kubokun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB