Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqramda finalçılar müəyyənləşib.

Elmir Əliyev (60 kiloqram) 1/8 finalda polşalı Oliviye Tomaş Skşipçaкa tam üstünlüklə (8:0), 1/4 finalda isə qırğızıstanlı Kubaniç Arinova 7:3 hesabıyla qalib gəlib. Yarımfinalda özbəkistanlı Mehroc Bəhramovla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf (4:2) olan Elmir Əliyev ardıcıl ikinci il U-23 dünya çempionatının finalına yüksəlib. Əliyev sabah həlledici qarşılaşmada qazaxıstanlı Aybek Aytbekovla güləşəcək.

Məhəmməd Şükürzadə (67 kiloqram) 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şükürzadə təsəlliverici görüşə çıxacaq. Təmsilçimizin rəqibi qazaxıstanlı Tolegen Amirxanov olacaq.

Fərid Xəlilov (72 kiloqram) özbəkistanlı Şaxzod Kuçkorovu mübarizədən kənarlaşdırdıqdan (4:1) sonra 1/4 finalda qazaxıstanlı Yussuf Aşrapova uduzub – 1:7. Rəqib adını finala yazdırdığı üçün Xəlilov 2-ci yarış günündə təsəlliverici görüşə çıxacaq. O, Yriskeldi Xamzayev (Qırğızıstan) – Vasile Zabika (Moldova) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.

Elmin Əliyev (82 kiloqram) belaruslu İlya Valevskiylə (9:4) və macarıstanlı Sabolç İştvan Sinaya (5:2) gücünü göstərsə də, 1/4 finalda isveçli Aleksander Mikael Yohanssona minimal fərqlə (2:3) məğlub olub.

Qeyd edək ki, İsmayıl Rzayev (97 kiloqram) zədələndiyi üçün yarışdan çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə