"Bakıda keçirilən dünya çempionatı Azərbaycanın beynəlxalq idman potensialını nümayiş etdirir" - DEPUTAT
"Bakıda Cüdo üzrə dünya çempionatının açılış mərasimində dövlət başçısının iştirakı Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarına verdiyi önəmin göstəricilərindən biridir".
Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq idman yarışlarında iştirak edən ölkə olmaqla yanaşı dünyanın ən mötəbər idman tədbirlərinə ev sahibliyi edən dövlətlərdən biridir:
"Bakının cüdo üzrə dünya çempionatına ikinci dəfə ev sahibliyi etməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2026-cı il dünya çempionatında 93 ölkədən 622 cüdoçunun mübarizə aparması Azərbaycanın beynəlxalq idman məkanı kimi mövqeyini göstərən mühüm faktlardan biridir. Əslində, bu nəticələrin arxasında illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü idman siyasəti dayanır. Azərbaycanda müasir idman infrastrukturunun yaradılması, Olimpiya komplekslərinin, idman arenalarının və məşq bazalarının qurulması, uşaq və yeniyetmələrin idmana cəlb edilməsi ölkənin idman strategiyasının əsas istiqamətlərindəndir.
Dövlət qayğısının mühüm nəticələrindən biri də Azərbaycanda yeni nəsil idmançıların yetişməsidir. Cüdo bunun bariz nümunələrindəndir. Azərbaycan cüdo məktəbinin beynəlxalq arenada qazandığı nəticələr artıq ayrı-ayrı idmançıların uğuru çərçivəsindən çıxaraq sistemli inkişafın göstəricisinə çevrilib. Elə dünya çempionatının ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifovun 60 kiloqram çəki dərəcəsində dünya çempionu olması da bunun əyani nümunəsidir.
Prezident İlham Əliyevin çempionat zamanı Əhməd Yusifovla görüşərək onu təbrik etməsi də idmançıların əməyinə verilən yüksək qiymətin göstəricisidir. Dövlət başçımızın gənc idmançıya Azərbaycanın idman şöhrətini gələcəkdə də yüksəklərdə saxlamaqla bağlı söylədiyi fikirlər ölkədə idmançı nəslinin yetişdirilməsinə xüsusi diqqətin olduğunu nümayiş etdirir.
İdman həm də sağlam həyat tərzinin təşviqi, gənclərin fiziki və mənəvi inkişafı, intizam və məsuliyyət hissinin formalaşdırılması baxımından mühüm vasitədir. Cüdonun fəlsəfəsində yer alan intizam, cəsarət və dostluq kimi dəyərlər də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən açılış mərasimində Azərbaycanın idmana və beynəlxalq idman tədbirlərinə davamlı dəstəyini xüsusi qeyd edib.
Digər mühüm məqam Azərbaycanın böyük idman tədbirlərinin keçirilməsi üçün formalaşdırdığı infrastruktur və təşkilati imkanlardır. Bakı artıq müxtəlif dünya və qitə miqyaslı yarışların keçirildiyi şəhər kimi beynəlxalq idman ictimaiyyətində tanınır. Belə tədbirlər ölkəmizin idman potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrinin, turizm imkanlarının və müasir şəhər infrastrukturunun tanıdılmasına da xidmət edir.
Azərbaycanın idman siyasətinin əsas hədəflərindən biri də gənclərin bu sahəyə marağının artırılmasıdır. Çünki bu gün tatamiyə, idman meydançasına və ya idman zalına qədəm qoyan uşaq eyni zamanda sağlam düşüncəli, intizamlı və məqsədyönlü vətəndaş kimi formalaşa bilər. Məhz buna görə idmana qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı da bu siyasətin nəticələrinin beynəlxalq səviyyədə nümayişidir. Dünya idman ictimaiyyətinin nümayəndələrinin Bakıya toplaşması, yarışın yüksək səviyyədə təşkili və Azərbaycan idmançısının doğma meydanda dünya çempionu olması idman sahəsində əlamətdar hadisədir.
Bütün bunlar göstərir ki, Azərbaycanda idmana qayğı ayrı-ayrı yarışlarla məhdudlaşmayan, uzunmüddətli və sistemli dövlət siyasətinin tərkib hissəsidir. Müasir infrastruktur, gənc istedadların dəstəklənməsi, beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançıların uğurlarının dövlət səviyyəsində qiymətləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB