“Yarımfinalda qərib erməni idmançı olacaq” - 4 qat Avropa çempionu DANIŞDI

“Avropa çempionatına hazırlığımız çox yaxşı keçib”. Bunu SİA-ya Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55kq) deyib. O, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək güləş üzrə Avropa çempionatına hazırlığı barədə danışıb.

4 qat Avropa çempionu bildirib ki, həm fiziki, həm də taktiki cəhətdən yaxşı formada məşqlər keçib: “Əlimizdən gələn hər şeyi edib, gücümüz çatdığı qədəri ilə bu yarışa hazırlaşmışıq. Komanda olaraq özümüzü çempionata hazır hiss edirik. Rəqibləri analiz etmişik. İdmançıların böyük əksəriyyəti bizə tanışdır. Yüksək ehtimalla yarımfinal görüşümdə erməni idmançısına qarşı mübarizə aparacam. Gənc və perspektivli güləşçidir. Ondan sonra düşünürəm ki, finalda rus idmançısı ilə güləşərək, ondan revanş alacam. Mənim üçün ciddi rəqib bunlardır”.

Onun sözlərinə görə, hazırda ciddi zədəsi yoxdur: “Kiçik zədələr isə professional idmanda mütləqdir. Yarışlara yollanmadan öncə daim qarşıma maksimum məqsəd qoyuram. Çempionluqdan başqa heçvaxt heçnə düşünməmişəm. İkinci və ya üçüncü yeri ağlımdan belə keçirtmirəm. Sevinirəm ki, hər zamanda istəyimə nail olmuşam. Ümid edirəm ki, bu yarışda istisna olmayacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə