Zəngilanda ikinci həyat - MƏQALƏ

1988-ci ildə erməni millətçi və separatçıları əvvəlcə Ermənistanda yaşayan azərbaycanlıları Ermənistandan çıxardılar, sonra isə əsrlərlə azərbaycanlıların doğma torpaqları olmuş Qarabağda işğalçı müharibə apararaq torpaqlarımızı işğal edib burda yaşayan soydaşlarımızı doğma yurd-yuvalarından qovdular. Qarabağda ermənilərin apardığı müharibə işğalçı müharibə olsa da soyqırım xarakteri daşıyırdı, erməni faşistləri qocaları, qadınları, körpələri vəhşicəsinə, kütləvi şəkildə öldürür, əsir edərək Ermənistana aparırdılar. Bu cür soyqırıma məruz qalmış bölgələrimizdən biri də Zəngilan rayonu olmuşdur. İşğala qədər bu rayonda 1 şəhər, 5 qəsəbə və 83 kənd var idi. İşğal nəticəsində Zəngəzur sakinləri Azərbaycanın 43 rayonunda məskunlaşdılar.

1920-ci ilə qədər Zəngilan Zəngəzur mahalının inzibati ərazisi idi, bolşeviklər Zəngəzurun böyük hissəsini özlərinin yaratdığı Ermənistana vermiş, Laçın, Qubadlı, Zəngilan isə Azərbaycanın tərkibində qalmışdır. 1993-cü il oktyabrın 30-na kimi burada 50-yə yaxın kolxoz və sovxoz, müxtəlif müəssisələr, dəmir yol vağzalı, məktəblər fəaliyyət göstərirdi. Zəngilanda çoxəsrlik tarixi olan tarixi-mədəni abidələri saymaqla qurtarmaq olmaz ki, bunlar ermənilər tərəfindən talan olunmuş və dağıdılmışdır. Zəngilan həm də ölkəmizin iqtisadiyyatında mühüm rol oynayan bir bölgədir. Burada zəngin qızıl və müxtəlif faydalı qazıntılar, tikinti materialları, mərmər və əhəng yataqları mövcuddur. İşğal nəticəsində bütün bunlar ermənilər tərəfindən zəbt olunmuş və onlar tərəfindən qanunsuz olaraq istismar edilmişdir. Nəticədə Azərbaycan iqtisadiyyatına milyonlarla zərər dəymişdir.

Zəngilanlılar işğaldan sonra müxtəlif rayonlarda məskunlaşsalar da, daim vətən həsrəti ilə yaşamış, ata ocağının bir gün azad ediləcəyinə, yenidən doğma yurda qayıdacaqlarına inanmışlar.

2020-ci il sentyabrın 27-də başlamış II Qarabağ müharibəsi onların ümidini daha da artırdı, yüzlərlə zəngilanlı gənc doğma torpaqlarımızı azad etmək üçün könüllü olaraq orduya yazılıb əldə silah qəhrəmanlıqla döyüşdülər. Cəbrayılın azad edilməsindən sonra zəngilana gedən qələbə yolu açıldı və qoşunlarımız bu torpaqları da düşmən tapdağından azad etmək üçün əməliyyatlara başladı. Zəngilan dağlıq ərazi olduğu üçün burada aparılan döyüşlər ağır idi, düşmən mövqelərini, yüksəklikləri ələ keçirmək xüsusi bacarıq və dözüm tələb edirdi. Burada döyüşən sərhəd qoşunlarının hissələri bu dözüm və məharəti göstərə bildilər, bir neçə gün davam edən döyüşlər nəticəsində bu rayonun bütün kəndləri və Zəngilan şəhəri düşmən tapdağından azad edildi. Burda gedən döyüşlərdə də əsgər və zabitlərimiz qəhrəmanlıq nümunəsi oldular və hərb tarixinə adlarını yazdırdılar.

Zəngilan uğrunda döyüşlər 2020-ci il oktyabrın 18-də başlamış, oktyabrın 20-də isə cənab Prezident İlham Əliyev Zəngilanın azad edilməsi xəbərini xalqımıza çatdırmışdır. Döyüşlər üç gün davam etsə də çox ağır keçmiş və əsgər və zabitlərimizin bir hissəsi burada şəhidlik zirvəsinə ucalmışdır. Noyabrın 26-da Prezidentin fərmanı ilə “Zəngilanın azad edilməsinə görə” medalı təsis edilmiş, Zəngilan uğrunda döyüşlərdə iştirak etmiş 6974 əsgər və zabit bu medalla təltif edilmişdir. Dekabrın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva azad edilmiş Zəngilanda olmuş,bütün dünyaya bəyan etmişlər ki,Zəngilan əzəli Azərbaycan torpağıdır və burada çox tezliklə ikinci həyat başlayacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər.

Zəngilanın azad edilməsinin çox böyük strateji əhəmiyyəti var. Birinci növbədə bu rayonun azad edilməsi ilə İranla olan bütün sərhəd xətti Azərbaycanın nəzarətinə keçir,ermənilər tərəfindən illərlə həyata keçirilən qaçaqmalçılığa və müxtəlif qanunsuz hərəkətlərə son qoyulur. Rayonda yerləşən bütün faydalı qazıntıların düşmən tərəfindən istismarı dayandırılır, bu faydalı qazıntılar Azərbaycana qaytarılır. Müxtəlif xarici şirkətlərin burda apardığı qanunsuz işlərə son qoyulur. Zəngilan yenidən Azərbaycanın dilbər guşələrindən birinə çevrilir, ekoloji cinayətlərin qarşısı alınır. Bütün bunların dövlətimiz üçün çox böyük siyasi-iqtisadi əhəmiyyəti var.

Zəngilan azad edildikdən sonra beynəlxalq ictimaiyyət burada törədilmiş ekoloji cinayətlərlə, şəhər və kəndlərimizin yer üzündən silinib xarabalığa çevrilməsi ilə,tarixi abidələrimizin planlı şəkildə məhv edilməsi ilə əyani şəkildə tanış olmuşlar. Bütün beynəlxalq ictimaiyyət bir daha əmin olmuşdur ki, Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın apardığı müharibə azadlıq müharibəsidir.

Cənab Prezident Zəngilanda görüləcək işlər haqqında danışarkən qeyd etmişdir ki, bizi burada böyük və təxirəsalınmaz işlər gözləyir. Birinci növbədə azad edilmiş torpaqlarımız minalardan təmizlənməli, təhlükəsiz zonaya çevrilməlidir. İnsanların bura qayıtması üçün kənd və qəsəbələr bərpa edilməlidir, çünki burada salamat qalmış, dağıdılmamış bir ərazi yoxdur. Yeni infrasruktur qurulmalı kəndləri bir-biri ilə birləşdirən yollar, Zəngilanı başqa rayonlarla birləşdirən yollar salınmalıdır.Rayondakı tarixi abidələrin bərpası da böyük əhəmiyyət kəsb edir. Bu abidələr bizim tariximizdir, bu torpaqların əzəli torpaqlarımız olduğunu sübut edən tarixi dəlillərdir. Möhtərəm Prezident bildirmişdir ki, bu işlər tezliklə başlanacaq, bu işlərin aparılması üçün hazırlanan layihələr demək olar ki, hazırdır. Əhəmiyyətli cəhətlərdən biri də odur ki, bərpa işlərində xarici şirkətlər, birinci növbədə Türkiyə şirkətləri yaxından iştirak edəcəkdir. Bu isə azərbaycanın beynəlxalq nüfuzunun artması deməkdir.

Zəngilanın bərpası, böyük Qayıdışın burada da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Qeyd olunduğu kimi burada qiymətli qızıl yataqları və bir çox faydalı qazıntılar var. Onların planlı şəkildə istismarı ölkəmizin inkişafına təsir göstərən yeni bir amildir. O cümlədən, buradakı tikinti materiallarının, zəngin meşə sahələrinin də xüsusi əhəmiyyəti var. Zəngilanın yenidən bərpası, kəndlərin dirçəldilməsi ölkənin kənd təsərrüfatına böyük töhvədir. Burada heyvandarlığın inkişaf etdirilməsi üçün böyük zəmin vardır. Hazırlanmış layihələrin həyata keçirilməsi Zəngilanın Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə böyük töhvə verməsi deməkdir. Bu işdə zəngilanlıların böyük rolu var. Onlar öz tarixi yurdlarına qayıtmaqla bu qədim azərbaycan torpağına ikinci həyat gətirəcəklər.

Hamı inanır ki, möhtərəm Prezident İlham Əliyevin Zəngilanın yenidən qurulması barədə dediyi sözlər, irəli sürdüyü fikirlər tezliklə tarixi həqiqətə çevriləcəkdir. Zəngilanın geri alınmasında iştirak etmiş zabit və əsgərlərimizin fədakarlığı unudulmayacaq, bu torpaq uğrunda şəhid olmuş oğulların xatirəsi əbədi yaşayacaqdır.

Qoy bütün dünya bilsin ki, Zəngilan Qarabağın, Qarabağ da Azərbaycanın ayrılmaz hissəsidir,düşmən ayağı bu torpaqlara bir daha dəyməyəcək.

Yaşasın Azərbaycan, yaşasın Qarabağ!

Akif Əliyev

Xəzər rayonu, Dərdayıl Cəbrayılov adına 119 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə