Ramin Bayramlı niyə gəlmişdi, niyə getdi? - EKSPERT MARAQLI MƏQAMLARDAN DANIŞDI

“Bilirsiniz ki, müasir dövrdə Azərbaycanda dövlətçilik islahatları get-gedə güclənib. Ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycan tarixində yeni bir mərhələnin başlandığını elan edəndən sonra çox ciddi kadr islahatları, eyni zamanda, dövlət orqanlarının işini stimullaşdırmaq üçün müxtəlif dövlətçilik texnologiyalarının tətbiq edilməsi və təcrübədən keçirilməsi prosesi başladı. Həmçinin, bir çox yaşlı nəslin nümayəndələri ki, 20 il fəaliyyət göstərmişdilər, bəzilərinin işində qüsurlar var idi. Burada komitə rəhbərlərindən söhbət gedir. Onların yeni nəsil nümayəndələri ilə dəyişdirilməsi prosesi də gücləndi və bu zaman əlbəttə ki, səhiyyədə və tibb xidmətlərində problemlər olduğuna görə Azərbaycanda səhiyyə sistemində də çox kordinal dəyişikliklərə gedildi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, amalitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə yanaşı optimallaşdırmaq üçün Bakı şəhərində səhiyyə idarələrinin qurumlarının bir çoxları birləşdirildi: “Eyni zamanda TƏBİB yaradıldı, icbari tibbi sığorta sistemi artıq qurulmağa başladı və bu zaman eyni vaxtda həm də koronavirus pandemiyası başladı, karantin oldu, qadağalar get-gedə sərtləşdirildi. TƏBİB karantin və koronavirus ilə mübarizə aparmaq üçün bir növ mobil dövlət qurumuna çevrildi. Düzdür, o publik şəxs olsa da, amma dövlətin yaratmış olduğu bir təşkilat idi və Ramin Bayramlı da öz sahəsinin tanınmış, gənc bir nümayəndəsi olaraq, müəyyən mənada ona bir etimad göstərildi ki, daha çevik, daha oturuşmuş, daha gənc kadrlar və xarici təcrübədən başı çıxan xaricdə təhsil almış tibb ictimaiyyətinin nümayəndələrindən ibarət bir komanda formalaşdırıb cənab Prezidentin səhiyyəyə və xalqın sağlamlığına verdiyi həmin o xüsusi qayğının rəsmiləşdirilməsi üçün müəyyən işlər görsün”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Azdan-çoxdan Ramin Bayramlının fəaliyyətinə baxanda sıfırdan yaranmış bir qurumun təşkilati işlərini görmək, eyni zamanda ölkəni və dünyanı əhatələnmiş bir epidemiya ilə mübarizə aparmaq asan iş deyildi. İndi nəyi bacardısa onu da etdi, müəyyən işlər gördü. Komandasını formalaşdıra bildi. Amma, əlbəttə ki, böyük qüsurlar da oldu. İş olan yerdə sözsüz ki, qüsurlar da olur. Cəmiyyət arasında Ramin Bayramlı ilə bağlı müəyyən söz-söhbətlər gəzirdi, axırıncı nöqtə isə onun belə bir ağır vaxtda özünə villa tikdirməsi ilə bağlı olan faktlar idi. Məncə, Ramin Bayramlı yeni islahatlar dövründə maraqlı bir addım atdı. O, ya faktlar qarşısında aciz qalıb o addımı atdı, ya da ki bir siyasi dövlətçilik mədəniyyəti nümayiş etdirərək istefa verdi. Bəli, əslində biz belə şeylərə öyrəşməliyik və bu sevindirici bir haldır ki, Azərbaycanda da hər hansı bir dövlət və yaxud özəl qurumun başında duran şəxs artıq istefa mədəniyyətinə malikdir və öz işində verdiyi hər hansı bir qüsura görə onu işdən çıxartmamışdan əvvəl o istefa ərizəsini yazır və Ramin Bayramlının istefa verməsi maraqlı bir faktdır və buna görə hər halda ona çox sağol düşür. Amma dövlət başçısının etimadını doğrultmadığına, cəmiyyətin ona inamını sarsıtdığına görə, TƏBİB və ümumiyyətlə, koronavirusla bağlı dalbadal xəstəxanalarda baş həkimlərin, digər vəzifəli şəxslərin həbs olunması bir daha onu göstərir ki, Azərbaycanda dövlətçilik o qədər möhkəmlənib, o qədər ciddiləşib ki, istənilən bir işdə nöqsan olan kimi dövlət bunu görür. Yəni, ictimai qınaq və ictimai nəzarət var.

Ölkə başçısının son iki icra başçısının təyinatı ilə bağlı video qəbulunda da bildirdiyi kimi, “biz insanlara böyük etimad göstərib dövlət olaraq onlara vəzifələr veririk”. Deməli, kabinetlər, işçilər, maaş verilir, eyni zamanda vəzifə maşınları ilə təmin edilir. Onların öz işlərindəki nöqsanları, rüşvət almaları, xalqa arxa çevirmələri, dövlət başçısının etimadını doğrultmamaları ona gətirib çıxarır ki, o dəqiqə onlar ifşa edilib işdən çıxarılacaq. Son illər nə qədər nazir, nə qədər komitə rəhbəri, o cümlədən də icra başçıları və məmurlar da, hətta milli məclisin deputatları öz işlərində buraxdığı səhvlər, narazılıqlara görə istefaya göndərilib və yaxud o dəqiqə onlar tənqid olunaraq həbs olunublar. Belə şəxslər dövlətin, xalqın qarşısında utanmalıdırlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə