Şərq meyvəyeyəni və onunla mübarizə üsulları FOTOLAR

Şərq meyvəyeyəni (Grapholita molesta (Busck, 1916) meyvəçiliyin inkişafına mane olan təhlükəli həşəratlardandır. SİA xəbər verir ki, bu zərərverici 80-dən çox meyvə bitkisi, xüsusən də şaftalı və nektarin ağacları üçün ciddi təhlükədir. Şərq meyvəyeyəninin kəpənəkləri tünd boz-qəhvəyi rəngdədir. Ön qanadlarında tüklü eninə zolaq var, arxa qanadlar isə saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapşəkillidir, üzərində nəzərəçarpan nazik halqalar vardır. Dişi fərdlər erkəklərdən bir qədər iridir, qarıncığı isə yoğun və kütdür. Şərq meyvəyeyəninin bədəninin uzunluğu 5,5-7 mm-dir. Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 9-16 mm-dir. Yumurtaları oval formalı, yarımşəffafdır. Birinci yaş mərhələsində olan sürfələr sarımtıl, 4-5-ci yaşda isə qırmızımtıl-çəhrayı rəngdə olur. Sürfələrin uzunluğu 0,9-12 mm-ə çatır. Oval formalı pupu isə qırmızımtıl-qəhvəyi rəngə çalır, uzunluğu 5-7 mm-dir. Zərərverici yumurtalarını tək-tək, əsasən cavan zoğların uc hissəsində yerləşən yarpaqların və meyvələrin tüksüz hamar səthinə və tumurcuq pulcuğuna qoyur. Heyva və alma ağaclarında yumurtalar yarpaqların üst səthinə, meyvələrin yetişmə dövründə isə çiçək altlığına, meyvənin ətrafındakı yarpaqlara qoyulur. Adətən aprel ayının II yarısında puplardan kəpənəklər çıxmağa başlayır və mayın sonunadək uçuş davam edir. Yumurtadan çıxan tırtıllar ağacların cavan zoğlarının içərisinə daxil olur və orada qidalanır. Qışı sonuncu yaş sürfə mərhələsində ağac qabığı altında, yarıq və çatlarda, bağlara tökülmüş bitki qalıqları arasında, torpaq çatlarında, meyvə anbarlarında toxuduqları barama içərisində keçirirlər. Yazda sürfə barama içərisində puplaşır. 25-30 gündən sonra puplardan yeni nəslin kəpənəkləri çıxır.

Şərq meyvəyeyəni şaftalı, ərik, badam, gavalı, göyəm, gilas, yemişan, nektarin, heyva, alma, armud, yapon əzgili və digər ağacların zoğ və budaqlarına zərər verməklə, məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. Həşəratın zərəri qida bitkisinin çeşidindən və mövsümdən asılı olaraq dəyişir. Əgər təktoxumlu şirəli meyvələrdə (şaftalı, nektarin, gavalı, göyəm, ərik və s.) şərq meyvəyeyəninin sürfələri meyvəyə daxil olarkən birbaşa çəyirdəyə doğru irəliləyirsə, heyva, alma, armud, əzgil kimi çoxtoxumlu şirəli meyvələrdə isə bir müddət örtük toxumasının altında qidalandıqdan sonra mərkəzə doğru hərəkət edir. Buna görə də eyni mövsümdə yetişən təktoxumlu və çoxtoxumlu şirəli meyvə bitkilərinə dəyən ziyan müqayisə edildikdə, ikinci qrupda zədələnmə faizi daha yüksək olur. Məsələn, Türkiyənin Qara dəniz bölgəsində gecyetişən şaftalı sortlarında zərərverici tərəfindən zədələnmə 40 %, heyva və yapon əzgilində isə 100 %-ə bərabər olub.

Bağçılığın intensiv inkişafında xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq məqsədilə tətbiq olunan bitki mühafizə tədbirlərinin düzgün və vaxtında həyata keçirilməsi vacibdir. Təəssüf ki, meyvə bağlarının müxtəlif zərərvericilərlə sirayətlənməsi nəinki məhsuldarlığın aşağı düşməsinə, həmçinin istehlak keyfiyyətinin itirilməsinə səbəb olur. Bu baxımdan zədələnmiş zoğların vaxtaşırı budanması və meyvə anbarlarının təmiz saxlanması şərq meyvəyeyəni ilə mübarizədə qabaqlayıcı tədbirlərdəndir. Bağlarda feremonlu tələlərin asılması da səmərəli nəticə verir. Ehtiyac olduqda kimyəvi mübarizə zamanı Omethoate 565 g/l (yığımdan ən azı 21 gün əvvəl), Phosalone 350 g/l (30%) (yığımdan ən azı 14 gün əvvəl) insektisidləri 100 l suya 200 ml qatılmaqla tətbiq edilə bilər.

Meyvə ağaclarına zərərverən həşəratların aşkar edilib, onlara qarşı səmərəli mübarizə tədbirlərinin aparılması məhsuldarlığın artırılması, eləcə də ixracın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə