Ucuz ətin şorbası olmaz - ARAŞDIRMA

Son zamanlarda milli mətbəximizin yeməklərindən deyil də "fast food" qidalarına üstünlük verilməsinin ən böyük səbəbləri ilk növbədə "fast food" qidalarının daha ucuz, rahat, tez bir zamanda hazırlanması və daha dadlı görsənmələri ilə bağlıdır.

Ənənəvi bir yemək olan dönəri demək olar ki, hamı bəyənir və ət sevən insanların ən sevdiyi yeməklərdən biridir. Mütəxəssislər sağlamlıq problemi olan insanların dönərdən uzaq olmaları lazım olduğunu düşünürlər. Dönər yeməkdən imtina edə bilməsəniz də, bu vəziyyətləri nəzərə almalı və dönər kababı yeməyin tezliyini uyğun olaraq tənzimləməlisiniz.

Bəs, dönər necə yaranıb?

İlk dönər Türkiyənin Bursa bölgəsində “İskəndər Əfəndinin dönəri” şəklində ortaya çıxıb. 1850-ci ildə “Məhməd Əfəndinin kafesi” adı ilə fəaliyyətə başlayan yeməkxana Bursada quzu əti kabab işini həyata keçirirdilər. Lakin oğlu İskəndər bu işə rəng qatmaq fikrinə gəlir və nə etsək, daha fərqli bir nəticə ortaya çıxara bilərik deyə düşünməyə başlayır. İlk dəstəyi babası Sabit Əfəndidən alan İskəndər atasını yeniliyə razı salmaq üçün bir qədər gözləməli olur.

Nəhayət atasını razı sala bilən İskəndər, ilk dəfə olaraq şaquli şəkildə qoç ətini şişə salaraq servis etməyə başlayır. Bu kababın fərqli cəhəti onun sümüksüz olması və sümüksüz ətlərin incə-incə kəsilərək qatıq və pomidorlu sousla süfrəyə verilməsidir. Nəticədə o gündən Bursada İskəndər kababı dedikdə ilk yada düşən sümüksüz ətlə, qatıq və pomidorlu sousla süfrəyə verilən ət kababı yada düşməkdədir. Beləliklə ilk dönər Bursada İskəndər kababı adı ilə satışa çıxarılıb.

Mütəxəssislər "fast food", dönər kimi qidalardan tamamilə imtina etməkdənsə, mümkün olduğu qədər həmin qidaların istehlakının tezliyini minimuma endirməyi məsləhət görürlər. Çünki həmin qidaları istehlak etmək sağlamlığa təsir etsə də, ümumiyyətlə istifadə etməmək fərdlərdə psixi problemlərə səbəb ola bilər. Buna görə də sağlamlıqlarını qorumaq üçün fərdlərin bu cür zərərli qidaların istehlakını minimuma endirmələri lazımdır.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov fikirlərini bildirib: “Bütün dünyada istehlakçılar sadəlövdür və istehlakçıların satış şəbəkələrinə, mal hazırlayan yerlərə inamı var. İstehlakçılar elə bilirlər ki, onları aldatmırlar. İstehlakçı hüquqlarını qoruyan bir təşkilat olaraq deyirəm ki, insanın sağlam və uzun ömürlü olması özünə və onun ailəsinə lazımdır. Bir çox beynəlxalq təşkilatların belə insanların uzun ömürlü və sağlam olması barədə fikirləri səmimi deyil. Həmin bu istehlakçı sadəlövlüyü Azərbaycana da keçmişdir. Tələbələr və gənclər elə bilirlər ki, onlar üçün qida verən, dönər və “fast food” verən qurumların hamısı sağlam və rahat fəaliyyət göstərir. Beynəlxalq "fast food" şəbəkələrinə nəzər salsaq, xaricdən gətirilən ət dəmir kimi möhkəmdir. Dönərxanalar ən təhlükəli ətlərin realizə olması yeridir. Mundar ətlər, ölmüş və xəstə heyvanların ətləri, ənənəvi olmayan heyvanların ətləri ilə hazırlanır. Bu sahədə dövlət qurumları müəyyən işlər görüb”.

Eyyub Hüseynov həmçinin qeyd edib ki, 4 il bundan qabaq dönərxanaların standartı hazırlanıb: “Dönərxanaların standartlara uyğun fəaliyyət tələb olunub. Lakin bu tələb yerinə yetirilmir. Təhlükəli dönərlərdən uzaq qalmaq üçün istehlakçılar və tələbələr həmin dönər satılan yerdən AQTA-nın icazə sənədini tələb etsinlər. Əks halda dönərxanalar insanları sonu bilinməyən xəstəliklərə sürükləyir”.

Dönərin zərərləri ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, nəinki, tələbələr hətta yetişkin insanlar belə rahatlığına görə, bəzən də ucuz və əlçatan olduğuna görə, dönərlərə üstünlük verirlər: “Təbii ki, qidalanma sadəcə fiziki doyum vasitəsi olmamalıdır. Orqanizmimizin sağlam olması üçün gündəlik həyati funksiyaları yerinə yetirə bilməsi üçün, bizə verilən ömrü sağlam şəkildə yaşamağımız üçün biz bir gün ərzində 40-dan 70-ə qədər faydalı makro və mikro elementlərlə orqanizmimizi qidalandırmalıyıq. Hər yediyimizin tərkibində həmin faydalı vitamin və minerallar karbohidratlar zülallar yağlar keyfiyyətli şəkildə olmalıdır ki, orqanizmimizin sağlamlığını təmin edə bilək. Bu əsasən 25 yaşa qədər daha önəmlidir. Çünki 25 yaşa qədər orqanizm inkişaf prosesindədir. Bu zaman onun qəbul etdiyi bütün qida onun orqanizminin həm inkişafında, həm də gələcək sağlamlığının formalaşmasında mühüm rol oynayır. Qəbul etdiyimiz hər bir zərərli qida bizim orqanizmimizə öz zərərlərini vurur. Ona görə də sağlamlığımızı düşünürüksə, hansı qidanı nə vaxt qəbul edəcəyimiz və hansı yerdən aldığımıza mütləq diqqət etməliyik”.

SİA olaraq mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışdıq:

Paytaxt sakini Polad Eyvazov: “Tələbə olarkən küçədə satılan, "fast food" qidalardan çox yemişəm. Həmin qidaların yağlı və keyfiyyətli olmadığını bilirəm. Sadəcə imkan olmadığına görə, dərslərarası vaxtın çox az olduğuna görə, "fast food"lardan çox istifadə etmişəm. Hal-hazırda isə ev yeməklərinə üstünlük verirəm. Düşünürəm ki, bu daha sağlamdır”.

Paytaxt sakini Zəminə Mirhacıyeva: “Bizim öz milli yeməklərimiz çox dadlıdır. Amma biz nədənsə xüsusən də gənclərimiz milli yeməklərdən çox küçədə satılan yeməklərə daha çox üstünlük verirlər. Onlar bilmirlər ki, bu cür qidalar sağlamlığa nə dərəcədə zərərdir. Sağlam qidalanmağa nəinki gənclikdən uşaqlıqdan başlamaq lazımdır. Çox nadir hallarda bu cür qidalardan istifadə edirəm”.

Paytaxt sakini Fərman Ağayev: “Dönər yeyənlərə çox pis baxıram. Bu yaşıma qədər heç vaxt dönər yeməmişəm. Evdəkilərə də icazə vermirəm yesinlər. Çünki sağlamlığımız üçün çox təhlükəli qidadır”.

Paytaxt sakini Çimnaz Zamanova: “Tez hazırlanan və ucuz satılan qidalardan məcbur olmadıqca almıram. Çünki həmin qidalar insan orqanizmi üçün çox zərərlidir. Gənclərə və tələbələrə bu cür qidaları məsləhət görmürəm. Dönərlərin və ya “fast food”ların hansı şəraitdə, hansı ətdən, nə cür hazırlandığı bizə məlum deyil. Ona görə də uşaqlarımı da mütləq şəkildə bu cür qidalardan uzaq tutmağa çalışıram”.

Paytaxt sakini Həsən Həsənli: “Gündə iki dəfə dönər yeyirəm. Zərərli olduğunu bilirəm. Amma ki, tez hazırlanan qida olduğu üçün ona daha çox üstünlük verirəm”.

Paytax sakini Həsən Bahadırov: “Dönər yeyənlərə qarşı münasibətim neqativdir. Çünki dönər sağlamlığımızı riskə atır, xərçəngə səbəb olur. Məcbur olmadıqca dönər yemirəm. Evdəkilər ümumiyyətlə yemir”.

Hər gün dönər yeməyin zərərləri hansılardır?

Yüksək qan təzyiqi (hipertansiyon) riskiniz artır. Ürək böhranı keçirmə ehtimalınız daha yüksəkdir. Qida və vitamin çatışmazlığına səbəb olur. Tip 2 diabet inkişaf riskiniz artır. Daim xərçəng riskini artırır. Bədəndə şişkinlik artır. Diş çürüməsinin sürətini artırır. Yüksək xolesterol əldə etmə ehtimalınız daha yüksəkdir.

1. Çoxumuz yediyimiz “fast food”, dönər kimi qidalarda nə qədər duz olduğunu bilmirik. Qızardılmış kartof, cips və buna bənzər bir çox qidalarda, gündəlik sağlamlıq bir insanın gündəlik istehlak miqdarı olan 2300 mq natriumun çox miqdarında duz var.

2. Yüksək qan təzyiqinə səbəb olan yüksək natrium miqdarı da infarkt ehtimalını artırır. Ancaq fast food yeməklərində infarkt riskini artıran digər aktiv maddələr var. Burger, kartof, pizza və bir çox digər hazır qidalar yüksək miqdarda doymuş yağ ehtiva edir. Bu doymuş yağlar zaman keçdikcə ana damarlarda toplana və tıxanmalara səbəb ola bilər. Ateroskleroz infarkt və vuruşa səbəb olan ən böyük faktorlardan biridir. Klinik araşdırmalara görə, bir insanın gündəlik istehlak etməli olduğu yağ miqdarı 44 ilə 78 qram arasındadır. Burger zəncirində istehlak edə biləcəyiniz ortalama bir hamburger və ya çizburger təxminən 89 qram doymuş yağ ehtiva edir. Bu qidaları hər gün istehlak etdiyiniz zaman yüksək infarkt riski ilə üzləşmək asandır.

3. Gündəlik fast food istehlak edərkən, əlbəttə ki, yemək baxımından əskik olmayacaqsınız. Hətta ehtiyacınızdan daha çox kalori ehtiva edən yeməklər alacaqsınız. Ancaq vücudunuz faydalı qida və vitamin baxımından əskik olacaq. Gələcəkdə baş verə biləcək ciddi xəstəliklərin qarşısını almaq üçün tətbiq etməli olduğunuz üsul çox sadədir. Fast food istehlakından tamamilə imtina etməsək belə, istehlak tezliyini azaldaraq yüksək qidalanma olan tərəvəz əsaslı qidalarla boşluqları doldurmaq kifayət edəcək.

4. Şəkər, natrium, doymuş yağ və yüksək karbohidratlar Tip 2 diabetin əsas səbəbləridir. Əlbəttə ki, şəkərli diabetdə olduğunuz yaş, ailənizdə bu xəstəliyə tutulan insanların sayı və yüksək təzyiq yüksək təzyiq kimi vəziyyətlərdə təsirli olur. Bununla birlikdə, yüksək yağlı, şəkərli və natriumlu pəhrizlər qanınızdakı trigliseridlərin miqdarını artıraraq tip 2 diabet inkişaf riskini artırır.

5. Hər gün fast food yeməyin zərərləri çox böyük olsa da, xərçəng riskini artırması qaçılmazdır. Son 10 ildə görülən bağırsaq, prostat və döş xərçənglərinin çoxu istehlak edilən fast food əti ilə əlaqədardır. 2008 -ci ildə aparılan araşdırmada, fast fooddakı PhIP maddəsinin xərçəngə səbəb olduğu ortaya çıxdı və açılan məhkəmə nəticəsində fast food şəbəkələri məhsullarına bir PhIP xəbərdarlığı qoymaq məcburiyyətində qaldı.

6. Hər gün fast food yeməyin həyat keyfiyyətinə və bədən tarazlığına təsir edən yan təsirlərinə baxdığımızda bədənin şişkinliyinin artdığını görürük. Şişkinliyin artmasına səbəb olan şey yüksək natrium, yəni əvvəllər qeyd etdiyimiz fast food qidalarında olan duz miqdarıdır. Gündəlik 2300 mq natrium miqdarını aşmaq bədəndə görünən natrium yığınlarına və ödəmə səbəb olur.

7. Mütəmadi olaraq dişlərinizi fırçalasanız və diş baxımı məhsullarından istifadə etsəniz də, fast foodların müntəzəm istifadəsi bu diş qulluğunun boşa çıxmasına səbəb olacaq. Xüsusilə kola, soda və fast food şirniyyatları kimi şəkərli və qazlı içkilər istehlak etsəniz, diş sağlamlığınız mənfi təsir edəcək.

8. Bazarda olan bir çox fast food, həddindən artıq miqdarda heyvan məhsulları və heyvan yağları ehtiva edir. Həzmi çox çətin olan bu yağlar bağırsaqlarda sindirilmədən birbaşa qana qarışır və damarlarımıza aparılır. Damarlarda həzm olunmamış formada toplanan bu yağlar, yüksək xolesterol dəyərlərini görməyimizə səbəb olur. Yüksək xolesterolun növbəti dağıdıcı təsiri ateroskleroz və nəticədə infarkt və ya vuruş ola bilər.

9. Hər gün fast food yeməyin zərərləri bəlli olsa da, təklif etdikləri rahatlıq və zövq səbəbiylə fast food yeməkləri gündəlik həyatımızda böyük bir yerə sahibdir. Ən azından fast food istehlakından tamamilə imtina etmək əvəzinə, istehlak tezliyini azaltmaq faydalıdır. Uşaqlar bu barədə nə düşünürsünüz? Fast food istehlakının tezliyini necə azaltmaq olar? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşə bilərsiniz.

"Fast food" qidaların zərərli olmasının başlıca səbəbi hazırlanmasında istifadə olunan qidaların dondurulub daha sonra düzqün olmayan yağlarda bişirilməsidir. "Fast food" qidaların kalorisi isə düzgün saxlanılma, bişirilmə və düzgün ərzaqlardan istifadə olunmadığına görə, bədən bu kalorini qəbul edə bilmir və bu dərialtı yağa çevrilərək orqanizmə öz fəsadların verir.

Amerikadan bütün dünyaya yayılan bu qidalar ölkəmizdə də uşaqlar və cavanlar daha çox üstünlük verilir. Bu qidaların ziyanı valideynlər tərəfindən başa düşülməli və uşaqları bu qidalardan uzaq tutmalıdırlar.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə